Akademik Mir Əli Seyidəli oğlu Qaşqay (1907-1977) 1930-cu ildə Azərbaycan Politexnik İnstitutunun (hazırda ADNA) dağ-mədən fakültəsini bitirərək dağ-mədən mühəndisi-geoloq ixtisasını almışdır. 1930-cu ildə SSRİ Elmlər Akademiyasının Petroqrafiya İnstitutunun aspiranturasına daxil olmuşdur. 1934-cü ildə namizədlik dissertasiyası müdafiə etdi. Kiçik Qafqazın mərkəzi hissəsi və Talışın hiperbazitləri və bazitlərinin tədqiqinin nəticələri "Azərbaycan əsasi və ultraəsas süxurları" adlı sonuncu monoqrafiyada yekunlaşdırılmışdır. Bu əsərə görə 1942-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. İlk dəfə olaraq geoloji ədəbiyyatda alaunit, kaolinit və dikkit yataqlarının təsnifatını vermiş, Kiçik Qafqazın mis və kükürd kolçedanı yataqlarının intruzivlərlə əlaqəsi əsaslandırmış, kolçedan yataqlarının ümumiləşdirilmiş təsnifatını vermiş, demir filizi yataqlarının genetik növlərini ayırmışdır. Azərbaycanda bir sıra faydalı qazıntı yataqlarının, o cümlədən böyük perlit və obsidian yataqlarını ilk kəşf edənlərdəndir. Geokimyəvi tədqiqatların nəticələrinə əsasən, "Azərbaycan geokimyəvi xəritəsi" hazırlanmışdır. Azərbaycan Əməkdar Elm Xadimi, mineralaqların və geokimyaçıların Azərbaycan məktəbinin yaradıcısı, Daşkəsən filiz rayonunun faydalı qazıntılarının və Zəylik alunit yatağının tədqiqatçıdır. Respublikada 220-yə yaxın mineral və termal su mənbələrinin varlığını müəyyən etmişdir. 1945-ci ildə Azərbaycan EA-nın təsisçilərindən biri və onun ilk akademik-katibi olmuşdur. Onun dəstəyi ilə Azərbaycan Dövlət Universitetində Geologiya-geoqrafiya fakültəsi, Petroqrafiya, Mineralogiya və kristalloqrafiya kafedrası, Geologiya və faydalı qazıntılar muzeyi təşkil edilmişdir. 10 elmlər doktoru və 50 elmlər namizədi hazırlamışdır. M.Ə.Qaşqay böyük elmi irs qoymuşdur. O, 600-dən çox elmi əsərin və 35 monoqrafiyanın müəllifidir.
MİRƏLİ QAŞQAY SEYİDƏLİ OĞLU
MİRƏLİ QAŞQAY SEYİDƏLİ OĞLU
Akademik