Fakültə 1943-1944-cü tədris ilində geologiya-coğrafiya fakültəsi kimi – “Geologiya və paleontologiya”, “Kristalloqrafiya, mineralogiya və petroqrafiya” və “Coğrafiya” kafedralarınıın bazası əsasında yaradılmışdır. Müstəqil qurum kimi 1991-ci ildən iki struktura - Geologiya və Coğrafiya fakültələrinə ayrılmasından sonra fəaliyyət göstərməyə başlamışdır.
Bununla belə, geologiya fənninin tədrisi hələ 1934-cü ildən biologiya fakültəsinin tərkibində təşkil edilmişdir. Universitetdə geoloq kadrların hazırlanması 1943-cü ildən həyata keçirilir. Səksən ilə yaxın bir müddət ərzində fakültənin aparıcı, görkəmli alimlərinin səyi nəticəsində universitet geologiya təhsili Respublika ali təhsil sisteminin ən əsas bölmələrindən birinə çevrilmiş, minlərlə yüksək ixtisaslı mühəndis-geoloq, geofizik, hidrogeoloq, neftçi-qeoloq, dağ-mədən mühəndisi və geokimyaçı həyat məktəbinə vəsiqə almışdır. Fakültənin dünəni, bugünü və gələcəyi ilə bağlı fikirləri təhlil edərkən qurumun ölkə elmi, təhsili, iqtisadiyyatı üçün böyük işlər gördüyünü etiraf etməliyik. Azərbaycanın bütün bölgələrini, hətta ən ucqar kəndlərini belə əhatə edən məzunlarımızın bilavasitə iştirakı sayəsində bu gün ölkəmizdə etibarlı mineral-xammal bazası yaradılmış, ölkə ərazisində istismar edilən və yaxud balans ehtiyatlarına malik böyük əksər faydalı qazıntı yataqları yetişdirmələrimiz tərəfindən kəşf edilmişdir.Bu gün fakültə qarşısında duran ən başlıca məqsəd gələcəyin vətənpərvər, yüksək ixtisaslı mütəxəssislərini hazırlamaqdan ibarətdir. Bu vəzifəni düzgün qiymətləndirən kollektiv bütün imkanlarını səfərbər etmiş, strateji istiqamətləri müəyyənləşdirmişdir. Fakültənin fəaliyyətində üç istiqamət mühüm yer tutur: elm, təhsil və kadr hazırlığı. Bu üç istiqamət ayrılıqda nə inkişaf edə, nə də yaşaya bilər. Sərhəd yoxdur, məqsəd isə birdir. Elmə dövlət qayğısının ildə-ilə artdığı bir şəraitdə elmi tədqiqatların səviyyəsinin yüksəldilməsi qarşıda duran əsas məsələlərdəndir. Fakültə fəaliyyətini Boloniya təhsil sisteminin tələblərinə uyğun quraraq elmi kadrların yetişdirilməsi prosesinə öz töhfəsini verir. Statistika üçün bildirək ki, son iyirmi ildə fakültə əməkdaşları tərəfindən 60-dan artıq monoqrafiya, 30 dərslik və dərs vəsaiti hazırlanmışdır. Aparılan tədqiqatların qiymətinin meyarlarından biri də onların elmi jurnallarda çap edilməsidir.
Təkcə son beş ildə 200-dən artıq məqalə (o cümlədən, beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan jurnallarda) çapdan çıxmışdır. Kollektivin bir üzvü elm sahəsində Dövlət Mükafatı laureatı, akademik, iki üzvü Əməkdar elm xadimi və Akademik Musa Əliyev adına akademik mükafatın laureatı və daha iki üzvü xarici ölkənin – Gürcüstan MEA Akademik Aleksandır Tvalçrelidze adına akademik mükafatın laureatlarıdırlar. Akademik V.Babazadə “Yerin təki haqqında” (1996) və “Təhsil haqqında” (2009) Qanunların əsas yazarlarından biridir. Geofizik alimlərimizin elmi nəticələri əhəmiyyətli səkkiz ixtira, habelə “SSRİ ixtiraçısı” medalı ilə qiymətləndirilmişdir. Geoloq alimlərimiz respublikanın müxtəlif bölgələrində geoloji quruluşun, hidrogeoloji, mühəndis geoloji və geoekoloji şəraitin araşdırılması sahəsində sanbalı tədqiqatlar aparmışlar. Fakültədə çalışan alimlərdən akademiklər Şəfayət Mehdiyev və Faiq Bağırzadə müxtəlif illərdə (1958-1965 və 1970-1989) Bakı Dövlət Universitetinin rektoru işləmişlər. Prorektor vəzifəsini daşımış akademiklər Əzəl Sultanov, Şirəli Məmmədov, müxbir üzv Gədir Sultanov və Ramiz Sultanov da fakültənin professoları olmuşlar. Alimlərimizin qızıl, mis, qurğuşun və sink, civə, xromit, barit və s. faydalı qazıntı yataqlarının öyrənilməsində və işlənilməsində əvəzsiz xidmətləri olmuşdur. Göstərilənlər, heç şübhəsiz, fakültənin böyük elmi potensiala malik olduğunu, sözün əsl mənasında, ayrıca götürülmüş elmi-tədqiqat institutu olmasını xatırladır. Geologiya-coğrafiya fakültəsinə 1943-1952-ci illərdə prof.Əziz Əsgərov, dos.Abdulla Şahbazov, prof.Hadi Əliyev rəhbərlik etmişlər. 1952-1963-cü illərdə fakültə dekanı vəzifəsində prof.Səttar Süleymanov, sonrakı illərdə prof.Ramiz Sultanov (1963- 1965), dos.Mürsəl Həsənov (1965-1967), prof.Rizvan Piriyev (1967-1972), akad.Vasif Babazadə (1973-1981), AMEA-nın müxbir üzvü Qədir Sultanov (1981-1986), prof. Tofiq Şahsuvarov (1986-1992) çalışmışlar. Fakültəyə 1992-ci ildən 2016-cı ilə kimi dosent Adil Xasayev, 2016-ci ildən 2021-ci ilə kimi isə dosent Məhluqə Məmmədova rəhbərlik etmişlər.
Fakültəyə 2022-ci ildən dosent Mamoy Mansurov rəhbərlik edir. Son illərdə fakültədə bakalavriat səviyyəsi üzrə “Mədən mühəndisliyi” və “Melorasiya mühəndisliy”, magistratura səviyəsi üzrə isə “Regional geologiya” və”Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları” ixtisasları açılmış və qəbul həyata keçirilmişdir. Fakültədə beş kafedra, bir elmi – tədqiqat laboratoriyası, Azərbaycanın Faydalı qazıntılar muzeyi, Akademik Musa Əliyev adına kabinet, AMEA-nın Geologiya və Geofizika İnstitunda yaradılan tədris elmi mərkəz fəaliyyət göstərir. Bu gün burada ümumilikdə 29 professor - müəllim və 14 nəfər elmi işçi çalışır. Bunlardan 6 nəfəri elmlər doktoru, o cümlədən 5 nəfəri professor (bir akademik), 17 nəfər geologiya-mineralogiya elmlər namizədi, onlardan 16 nəfəri dosentdir, 2 baş müəllim və 6 müəllim, 7 yardımçı heyətdir. Fakültədə 741 tələbə təhsil alır, elmlər və fəlsəfə proqramları üzrə 5 doktorant, 8 dissertant, 57 magistrant vardır.
Fakültə təkcə Respublika üçün deyil, yaxın və uzaq xarici ölkələr üçün də yüksək ixtisaslı mütəxəssislər, elmi kadrlar hazırlamışdır. Xarici ölkələr üçün mütəxəssis hazırlığına 1968-ci ildən başlanmışdır. Qısa müddət ərzində BDU, xüsusən geologiya fakültəsi, keçmiş İttifaq məkanında bu sahədə yüksək ixtisaslı kadr hazırlayan əsas mərkəzlərdən birinə çevrilmişdir. Bu illər ərzində xarici ölkələr üçün (Kuba, Əlcəzair,Misir, Suriya, Vyetnam, İordaniya, Şri-Lanka, Əfqanıstan, Yəmən, Türkiyyə, İran və s.) beş yüzdən artıq yüksək ixtisaslı mütəxəssis, o cümlədən 40-a yaxın elmlər namizədi və doktoru hazırlanmışdır. Məzunlardan bir qismi öz ölkələrində yüksək dövlət vəzifələrində çalışmışlar. Beynəlxalq əlaqələr üzrə ilk prorektor-dekan vəzifəsini də ümumi geologiya kafedrasının professoru P.H.Sultanov daşımışdır. 1980 və 1981-ci illərdə Geologiya fakültəsi keçmiş İttifaqda ilk dəfə olaraq BMT-nin geologiya kursu stajorları üçün tədris-laboratoriya bazası kimi (Faydalı qazıntılar kafedrasının moderatorluğu ilə) fəaliyyət göstərmişdir. Stajorların akademik hazırlığı bir aylıq kurslarda “Sedimentalogiya” (1980) və “Polimetal yataqların geologiyası” (1981) istiqamətində aparılmışdır. Kurslarda 16 ölkənin nümayəndəsi hazırlıq keçmişdir. Fakültədə uzun illər keçmiş İttifaqın və xarici ölkələrin aparıcı alimləri geologiyanın başlıca problemlərinə həsr olunmuş açıq mühazirələrlə (master-klass) çıxış etmişlər. Onlardan S.Karamata (Yuqoslaviya), M.Sosson (Fransa), G.A.Tvalçrelidze (Gürcüstan), M.B.Borodayevskaya, V.İ.Volfson, V.N.Kotlyar, M.A.Favorskaya (Moskva) və b. göstərmək olar.
Fakültə ali təhsilin bütün səviyyələrində (bakalavriat, magistratura, fəlsəfə və elmlər doktoru) kadr hazırlanmasını prioritet istiqamət kimi planlaşdırır. Bu məqsədlə aşağıdakılar nəzərdə tutulur.
Fakültənin hərtərəfli inkişafına diqqət yetirmək, tədris prosesinin maddi-texniki bazasını yaxşılaşdırmaq, kompüter və informasiya texnologiyalarının geniş tətbiqi istiqamətində əməli tədbirlər həyata keçirmək;
- təhsil sisteminin inkişaf prioritetlərini dünyada, o cümlədən Avropa məkanında gedənproseslərə inteqrasiya etmək, Boloniya prosesi çərçivəsində qəbul olunmuş təhsil standartlarına uyğun tədris və təcrübə metodlarının tədbiqinə nail olmaq;
- elmi-tədqiqat işlərinin səmərəliyini yüksəltmək, tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını və maliyyələşdirilməsini həyata keçirmək, qrant müsabiqələrində iştirak etmək, beynəlxalq elm məkanına inteqrasiya etmək;
- ölkənin gələcək sosiyal-iqtisadi inkişafı ilə bağlı elmi proqnozları irəli sürmək, elmi kadr potensialını artırmaq məqsədilə gənc müəllimləri dünyanın aparıcı universitetlərinə ixtisasartırma kurslarına ezam etmək;
- tələbələrin dünyagörüşlərini genişləndirmək, yeni təhsil sistemləri və şəraitləri ilə tanış etmək məqsədilə xarici ölkələrin tanınmış universitetlərində yay məktəblərində iştirakını təmin etmək;
- dünyanın aparıcı universitetlərinin alimlərinin mühazirələrini fakültədə təşkil etmək;
- professor-müəllim heyətinin çöl-ekspedisiya işlərində iştirakına nail olmaq, işğaldan azad olunmuş ərazilərdə kompleks geoloji-geofiziki tədqiqatlarının aparılmasında iştirak etmək, elmi ezamiyyətə getmələrini təmin etmək;
- gəncləri vətənpərvər ruhda tərbiyə etmək, milli-mənəvi dəyərlərə, adət-ənənələrə rəğbətlə yanaşmaq, onlarda dövlətə, xalqa sədaqət hissinin aşılanması üçün bütün zəruri addımları atmaq, Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində görülən işlərin kollektiv qarşısında qoyulan ən əsas məqsədlərdən biri hesab etmək.
Fakültədə tədris əyani və qiyabi təhsilalma formaları üzrə Azərbaycan, rus və ingilis dillərində aparılır. Hazırda fakültədə 5 kafedra (Ümumi və tarixi geologiya; Hidrogeologiya və mühəndis geologiyası; Seysmologiya və Yer təkinin fizikası; Faydalı qazıntılar və Kristalloqrafiya, mineralogiya və geokimya) və 1 ETL (Kompleks geoloji və geofiziki tədqiqatlar) fəaliyyət göstərir. Hazırda fakültədə 5 kafedra (Ümumi və tarixi geologiya; Hidrogeologiya və mühəndis geologiyası; Seysmologiya və Yer təkinin fizikası; Faydalı qazıntılar və Kristalloqrafiya, mineralogiya və geokimya) və 1 ETL (Kompleks geoloji və geofiziki tədqiqatlar) fəaliyyət göstərir.
Fakültədə 4 ixtisas üzrə bakalavr ("Geologiya", "Geologiya və geofizika mühəndisliyi", "Mədən mühəndisliyi" və “Melorasiya mühəndisliyi”), 11 ixtisaslaşma üzrə magistr (Petrologiya,Geokimya, Mineralogiya, Paleontologiya və stratiqrafiya, Dəniz və okean dibinin geologiyası, Filiz və qeyri filiz faydalı qazıntı yataqlarının geologiyası, Hidrogeologiya, Hidrogeoekologiya, Mühəndis geologiyası, Seysmologiya və seysmometriya, Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı) hazırlanır, 2 ixtisas üzrə fəlsəfə doktorluq (Bərk faydalı qazıntıların geologiyası, axtarışı və kəşfiyyatı; minerageniya, Geoekologiya) və 6 elmlər doktorluq proqramları (Geologiya, Bərk faydalı qazıntıların geologiyası, axtarışı və kəşfiyyatı, minerageniya, Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı, Mineralogiya, Kristalloqrafiya, Hidrogeologiya, Geofizika, faydalı qazıntı yataqlarının geofiziki axtarış üsulları) üzrə kadr hazırlığı aparılır.
Fakültə nəzdində FD. 02.21 Dissertasiya Şurasının nəzdində 2515.01 – «Petrologiya, vulkanologiya» və 2520.01 – «Bərk faydalı qazıntıların geologiyası, axtarışı və kəşfiyyatı; minerageniya» ixtisasları üzrə Dissertasiya Şurası fəaliyyət göstərir. Fakültədə "Azərbaycanın faydalı qazıntılar" muzeyi mövcuddur.
Respublikada geologiya elminin inkişafında fakültə əməkdaşlarının böyük xidmətləri olmuşdur. Onlar bir sıra elmi problemlərin həllində yüksək nəticələr əldə etmişlər. Təkcə onu göstərmək kifayətdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra fakültə bir çox konfrans və simpoziumların təşəbbüsçüsü olmuş, 1992, 1996, 1998 və 2000-ci illərdə Faydalı qazıntılar kafedrası və Yer ehtiyatlarının aerokosmik tədqiqatları ETL-i müştərək olaraq «Yer təkinin öyrənilməsi və faydalı qazıntı yataqlarının proqnozlaşdırılması»na həsr edilmiş 4 respublika elmi konfransı keçirmiş, burada 300-dən artıq məruzə dinlənilmiş, konfransların materialları dərc edilmişdir. Eynilə elmdə iz qoyub getmiş görkəmli şəxsiyyətlərin (Ş.F.Mehdiyev, M.M.Əliyev, S.M.Süleymanov, Ə.H.Əsgərov və b.) yubileyləri ilə bağlı elmi konfranslar keçirilmiş və konfransın materialları nəşr olunmuşdur. Fakültədə 1993-cü ildən başlayaraq hər il gənc tədqiqatçıların və doktorantların ənənəvi elmi konfransları keçirilir, edilən məruzələrinmaterialları və tezisləri çap edilir. Hər il Azərbaycan xalqının ümumimilli lideri Heydər Əliyevin il dönümünə həsr olunmuş “Geologiyanın aktual problemləri” və “Yert əkinin öyrənilməsi və mineral xammal ehtiyatlarının proqnozlaşdırılması” mövzularında Respublika Elmi konfransları keçirilir, proqram və konfrans materialları çap edilir. Ənənəvi olaraq hər il TEC-nin “Yer qabığında gedən proseslər haqqında müasir təsəvvürlər” mövzusunda Respublika Elmi konfransı keçirilir, proqram və konfrans materialları çap edilir.