27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ “SƏSSIZ QƏHRƏMANLAR, SÖZSÜZ FƏRYADLAR” ADLI TƏDBIR KEÇIRILIB.
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “BDU könüllüləri” təşkilatının və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Səssiz Qəhrəmanlar, sözsüz fəryadlar” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Geologiya fakültəsinin dekanı, dosent Mamoy Mansurov çıxışında 27 Sentyabrın Azərbaycan xalqının mübarizə tarixində dönüş nöqtəsi olduğunu qeyd edib. O, şəhidlərin canlarını Vətən torpaqları uğrunda qurban vermələrinin xalqımız üçün həm böyük hüzn, həm də fəxr mənbəyi olduğunu vurğulayıb:
“Şəhidlərimizin fədakarlığı daim yaddaşlarda yaşayacaq və gənc nəslin milli ruhda formalaşmasında mühüm rol oynayacaqdır”, – deyə dekan çıxışında bildirib.
Ardınca Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri, dosent Kərim Rəhimov söz alaraq, 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin məhz şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı sayəsində mümkün olduğunu qeyd edib. O, bu Qələbənin Azərbaycan xalqının birliyi, dövlətin gücü və ordumuzun şücaəti nəticəsində tarixə yazıldığını vurğulayıb.
Tədbirdə həmçinin 44 günlük Vətən müharibəsi iştirakçısı Ruslan Əhmədov da çıxış edib. O, cəbhədə keçdiyi döyüş yolunu tədbir iştirakçıları ilə bölüşərək silahdaşlarının igidliklərindən danışıb, şəhidlik zirvəsinə ucalmış yoldaşlarını ehtiramla yad edib.
Bədii hissədə Geologiya fakültəsinin III kurs tələbəsi Fidan Əlizadə Vətənə həsr olunmuş şeir səsləndirib. Daha sonra fakültə tələbələrinin təqdimatında hazırlanmış “Nəbatat bağından, Şuşaya” adlı səhnəcik nümayiş etdirilib. Səhnəcik tamaşaçılar tərəfindən böyük maraq və emosional təəssüratla qarşılanıb.
Tədbirin sonunda II Qarabağ müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda Azərbaycan xalqının mübarizə və qəhrəmanlıq yolu, igid şəhidlərimizin və qazilərimizin şücaəti bir daha xatırladılıb.