İstiqamət: Hidrogeologiya və mühəndis geologiyası
Samur-Şabran zonasının müasir hidrogeoloji-meliorativ, hidrogeoloji və mühəndisi-geoloji şəraitində ekoloji dəyişikliyin qiymətləndirilməsi.
Mövzunun rəhbəri: professor Bahadır Qələndərov
İcraçılar: Bahadır Qələndərov, Ələkbər Mirzəyev
Məqsəd: Texnogenezin təsiri altında müasir hidrogeoloji-meliorativ, hidrogeoloji və mühəndisi-geoloji şəraitdə ekoloji dəyişikliyin qiymətləndirilməsi və bu şəraitin yaxşılaşdırılması üçün tədbirlərin işlənib hazırlanması
Nəticə: Samur-Şabran zonasında hidrogeoloji şəraitdə ekoloji dəyişiklik torpaqların suvarılması zamanı aerasiya və qrunt suyu zonasının duz rejiminin qarşılıqlı əlaqəsi nəticəsində baş verir. Belə ki, yüksək şoranlaşma müşahidə olunan əraziyə suvarma sularının daxil olması zamanı aerasiya zonasında mövcud olan duz kütləsi suvarma sularında həll olaraq, qrunt suyu zonasına infiltrasiya olunur. Nəticədə qrunt sularının minerallaşma dərəcəsi artır, səviyyəsi isə yer səthinə qədər qalxır ki, bu da öz növbəsində intensiv buxarlanma nəticəsində qrunt sularının minerallaşma dərəcəsinin yenidən artmasına gətirib çıxarır. Nəticə etibarilə, hidrogeoloji şəraitdə ekoloji dəyişiklik müşahidə olunur ki, belə neqativ hala qarşı mütləq tədbirlər görülməlidir.
İşğaldan azad olunmuş ərazilərdə su mənbələrinin yenidən qiymətləndirilməsi
(Cəbrayıl dağətəyi düzənliyinin timsalında)
Mövzunun rəhbəri: professor Bahadır Qələndərov
İcraçılar: Məhluqə Məmmədova, Günay Hüseynova, Ulduz Həsənova
Məqsəd: Cəbrayıl dağətəyi düzənliyi ərazisində əsasən dördüncü dövr yaşlı çöküntülərdə formalaşan yeraltı suların hidrogeoloji şəraitinin, istismar ehtiyatlarının və ekoloji vəziyyətinin qiymətləndirilməsi, həmçinin onların istifadə perspektivliyinin əsaslandırılması.
Nəticə: Ərazinin əksər sahələrində ümumi minerallaşma dərəcəsi 1,0 q/l-ə qədər olan yeraltı şirin sular formalaşmışdır, yalnız Oxçuçay vadisi boyu suların minerallaşma dərəcəsi 1,9 q/l təşkil edir. Tədqiqat sahəsində işğaldan əvvəl və işğaldan azad olunduqdan sonra qazılmış quyulardan götürülmüş su nümunələrinə əsasən suyun tam fiziki -kimyəvi göstəriciləri təyin edilmiş və ərazinin dördüncü dövr yaşlı çöküntülərində intişar tapmış yeraltı suların ekoloji vəziyyəti qiymətləndirilmişdir. Kimyəvi analizlərin nəticələri əsasında bütün tədqiqat sahəsində, o cümlədən yeni sugötürücülərin yerləşəcəyi sahədə yeraltı suların tərkib göstəricilərinə görə hazırda ölkədə qüvvədə olan ГОСТ-2874-82 “İçməli su” standartlarının tələblərini ödədiyi və onların içmək- məişət və digər məqsədlər üçün yararlı olduğu müəyyən olunmuşdur.