1.Azərbaycanın kaynozoy çöküntülərinin geoloji-stratiqrafik və geoekoloji xüsusiyyətləri
Mövzunun rəhbəri: dos. Ələddin Məmmədəlizadə
İcraçılar: Nazim İmamverdiyev, Fərrux Həsənov, Təranə Təhməzova, Nurəddin Abbasov, Rübabə Rüstəmova, Əfşan Hüseynova, İlqar Quliyev
Məqsəd: Şamaxı-Qobustan zonasının Kaynozoy çöküntülərinin geoloji-stratiqrafik və geoekoloji xüsusiyyətlərinin araşdırılması, IV dövr çöküntüləri haqqında mövcud olan biostratiqrafik, sedimentoloji, paleomaqnit və radioloji tədqiqat materiallarının ümumiləşdirilməsi və alınmış nəticələr əsasında ərazinin yeni lito-stratiqrafik bölgü sxeminin işlənib hazırlanması.
Nəticə: 30-dan çox palçıq vulkanını araşdırılmışdır. Müəyyən olunmuşdur ki, Azərbaycan palşıq vulkanlarının qaz tullantılarının alışmasının səbəbi alışma temperaturu yüksək olan metan-hava partlayıcı qazının əmələ gəlməsidir. Tədqiq olunan ərazidəki vulkanların daha çox Xəzərdə baş verən zəlzələlər nəticəsində yaranan keçici gərginlikdən təsirlənməsi nəticəsinə gəlinmişdir. Palçıq vulkanları episentrlərdən 40 və 110 km aralıda 2-3 il ərzində püskürmüşdür. Belə nəticəyə gəlinmişdir ki, baş vermiş zəlzələlərdən sonra 1-2 ilə qədər püskürmələr davam edir.
2.Abşeron-Qobustan neftli-qazlı rayonunun Miosen-IV dövr çöküntülərinin stratiqrafiyası və palçıq vulkanlarının geoekoloji xüsusiyyətləri
Mövzunun rəhbəri: dos.Ələddin Məmmədəlizadə
İcraçılar: Nazim İmamverdiyev, Fərrux Həsənov, Təranə Təhməzova, Nurəddin Abbasov, Rübabə Rüstəmova, Əfşan Hüseynova, İlqar Quliyev
Məqsəd: IV dövr çöküntüləri haqqında mövcud olan biostratiqrafik, sedimentoloji, paleomaqnit və radioloji tədqiqat məlumatlarının ümumiləşdirilməsi və alınmış nəticələr əsasında ərazinin yeni lito-stratiqrafik bölgü sxeminin işlənib hazırlanması.
Nəticə: Aparılmış kompleks tədqiqatlar nəticəsində Şamaxı-Qobustan zonasının Çeyldərə, Çeyldağ, Hacıvəli-I, Hacıvəli-II, Sunqurdağ və s. sahələrin çöküntüləri kompleks lito-biostratiqrafik üsullarla tədqiq edilmiş və qonşu regionların analoji sxemləri ilə korrelyasiya edilmişdir. Biostratiqrafik və sedimentoloji tədqiqatların materialları Cənub-Şərqi Qafqazın paleocoğrafi xəritələrinin tərtib olunması zamanı istifadə edilə bilər.
3.Abşeron-Qobustan neftli-qazli rayonunun miosen çöküntülərinin stratiqrafiya bölgülərinin fauna qalıqlarına görə əsaslandırılması
Mövzunun rəhbəri: dos.Ələddin Məmmədəlizadə
İcraçılar: Nazim İmamverdiyev, Fərrux Həsənov, Təranə Təhməzova, Nurəddin Abbasov, Rübabə Rüstəmova, Əfşan Hüseynova, İlqar Quliyev
Məqsəd: Çöküntülər içərisində aşkar edilmiş mikrofauna qruplarının ekoloji analizi nəticələrinə və mövcud ədəbiyyat məlumatlarına əsaslanaraq orta Miosen dənizlərindəki paleocoğrafi və paleobionomik şəraitin bərpa olunması.
Nəticə: İş ilə əlaqədar olan paleohövzələrdə mövcud olmuş stratiqrafik, mikropaleontoloji, litoloji və bionomik şəraitlər barədə bu vaxta qədər məlum olan məlumatlar ümumiləşdirilmiş və çöl-tədqiqat işləri zamanı toplanmış materiallar mövcud üsullarla tədqiq edilmiş, aşkar olunmuş mikrofauna qruplarının sistem tərkibinin və onların kəsiliş üzrə paylanma xüsusiyyətləri müəyyən edilmiş, kəslişlərin biostratiqrafik bölgüsü və regiomərtəbələrin sərhədləri əsaslandırılmış, tədqiqat sahəsi üçün yerli biostratiqrafik bölgü sxemi işlənib hazırlanmışdır.
4.Azərbaycan Respublikasının ərazisində yayılmış palçıq vulkanlarının əmələ gəlməsinin geoloji və fiziki-kimyəvi şəraitləri
Mövzunun rəhbəri: prof. Musa Məmmədov
İcraçılar: Nazim İmamverdiyev, Fərrux Həsənov, Təranə Təhməzova, Nurəddin Abbasov, Rübabə Rüstəmova, Əfşan Hüseynova
Məqsəd: Tədqiqat sahəsindəki palçıq vulkanlarının intişarı, morfogenetik tipləri, stratiqrafiyası, genezisi və s. ilə yanaşı onların ekoloji tarazlığa göstərdikləri təsirin təhlili
Nəticə: Palçıq vulkanlarında aşkar olunmuş bərk püskürmə məhsulları əsasən müxtəlif dərəcədə litogenez prosesinə cəlb olunmuş (diagenez, katagenez, metagenez, epigenez) bu və ya digər dərəcədə kipləşmiş üst yura-təbaşir, paleosen-eosen yaşlı argillit, qrafitləşmiş şist, eləcə də, metamorfikləşmiş (mərmərləşmiş) əhəngdaşlarından, yüksək bərpa olunmuş şəraitdə iri pirit meqakristallarından təşkil olunmuşdur.