FAYDALI QAZINTILAR

“Faydalı  qazıntılar” kafedrası fakültənin ən aparıcı kafedrasıdır. 1945-ci ildə AMEA-nın təsisçilərindən biri olan akademik Mir-Əli Qaşqayın rəhbərliyi altında “Kristalloqrafiya, mineralogiya və petroqrafiya” kafedrası açılmışdır. 1958-ci ildən qeyd edilən kafedranın bazası əsasında kafedra ixtisas kafedrasına çevrilərək Faydalı qazıntılar kafedrası yaradılmışdır. Yarandığı  gündən quruma professpr Səttar Süleymanov, 1986-ci ildən Dövlət mükafatı laureatı, akademik Vasif Babazadə rəhbərlik edir. Elmi və pedaqoji nöqteyi nəzərdən Universitetin və fakültənin ən məhsuldar kafedralarındandır. Kafedrada müxtəlif illərdə akademiklərdən Mir-Əli Qaşqay, Əzəl Sultanov, Ədhəm Şixəlibəyli, Şirəli Məmmədov, müxbir üzvlər Heydər Əfəndiyev, Xudu Məmmədov, Sorbonna Universitetinin (Fransa) məzunu, professor Aslan Vəzirzadə, professorlar Hacı Kərimov, Rəşid Abdullayev, Rasim Hacıyev, Manaf Zairi və b. işləmişlər. Kafedranın əməkdaşları onlarla monoqrafiya, dərslik, Azərbaycanın kosmotektonik və Azərbaycanın filiz faydalı qazıntıları (hər biri 1:600000 miqyasda) xəritələrini, bu xəritələrin izahlı qeydlərini (monoqrafiyasını) çap etdirmişlər. Hal hazırda kafedrada 5,5 ştat müəllim və 1 baş laborant çalışır (Akademik Vasif Məmmədağa oğlu Babazadə, Şəhla Faiq qızı Abdullayeva, Mamoy İbrahim oğlu Mansurov, Aygün Məmməd Rəfi qızı İsmayılova, Ülkər İbrahim qızı Kərimli, Ruslan Əmrah oğlu Şəmiyev və böyük laborant Nigar Aydın qızı Səttar-zadə). Kafedrada fəlsəfə elmləri doktoru proqramı üzrə 3, elmlər doktoru proqramı üzrə 1 doktorant təhsil alır.

Təkcə son beş ildə 100-dən artıq məqalə (o cümlədən, beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan jurnallarda) çapdan çıxmışdır. Kollektivin bir üzvü elm sahəsində Dövlət Mükafatı laureatı, akademik, Əməkdar elm xadimi və  Akademik Musa Əliyev adına akademik mükafatın laureatı  (akademik Vasif Babazadə) və daha iki üzvü xarici ölkənin – Gürcüstan MEA Akademik Aleksandır Tvalçrelidze adına akademik mükafatın laureatlarıdırlar (akademik Vasif Babazadə, professor  əvəzi Şəhla Abdullayeva). Akademik V.Babazadə “Yerin təki haqqında” (1996) və “Təhsil haqqında” (2009) Qanunların əsas yazarlarından biridir.     Kafedra təkcə Respublika üçün deyil, yaxın və uzaq xarici ölkələr üçün də yüksək ixtisaslı mütəxəssislər, elmi kadrlar hazırlamışdır. Xarici ölkələr üçün mütəxəssis hazırlığına 1968-ci ildən başlanmışdır.  Bu illər ərzində xarici ölkələr üçün (Kuba, Əlcəzair, Misir, Suriya, Vyetnam, İordaniya, Şri-Lanka, Əfqanıstan, Yəmən, Türkiyyə, İran və s.) beş yüzdən artıq yüksək ixtisaslı mütəxəssis, o cümlədən 40-a yaxın elmlər namizədi və doktoru hazırlanmışdır. Məzunlardan bir qismi öz ölkələrində yüksək dövlət vəzifələrində çalışmışlar.

Kafedrada elmi-tədqiqat işlərinin səmərəliyini və tədrisin keyfiyyət göstəricilərini yüksəltmək məqsədilə bir sıra xarici ölkələrlə, o cümlədən  Türkiyə (İstanbul Texniki Universiteti), Rusiya (M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Ukrayna (T.Şevçenko adına Kiyev Dövlət Universiteti, Xarkov Dövlət Universiteti), İran (Payami Nur Universiteri), Qazaxıstan (K.İ.Satpayev adına Qazaxsatan Milli Texniki Universiteti), Gürcüstan (Tbilisi Dövlət Universiteti), ABŞ (Mayami Universitetı), Özbəkistan (Geoloji Elmlər Universiteti, “Mineral Xammal İnstitutu”) və digər ölkələrin qabaqcıl elm və təhsil müəssisələrilə elmi əməkdaşlıq aparılır, müştərək elmi məqalələrin və monoqrafiyaların yazılması həyata keçirilir. Mütəmadi olaraq fakültənin tədqiqatçı alimlərinin yerinə yetirdikləri elmi-tədqiqat işlərinin nəticələri digər ölkələrin alimləri ilə bölüşülür və bizim tədqiqatlara maraq göstərilməsi istiqamətində işlər aparılır.

Kafedranın prioritet elmi istiqaməti “Strateji növ mineral-xammal resursları – geoloji xüsusiyyətləri, əmələgəlmə şəraitləri və kompleks mənimsənilmə və istifadənin fundamental problemləri”, habelə “endogen filizəmələgəlmə və regionların müqayisəli metallogeniyası”, “filiz-maqmatik sistemlərin təhlili və geoloji-genetik modellərin qurulması”dır.

 

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət