“Ümumi geologiya və hidrogeologiya” kafedrası 1943-cü ildə yaranan Geoloji-coğrafiya fakültəsinin ilk kafedralarından biri olub. Kafedranın ilk müdiri prof.Əziz Əsgərov olmuş və o, 1986-cı ilədək bu quruma rəhbərlik etmişdir. 1986-1991-ci illərdə kafedraya prof.Sərdar Səmədov, 1991-2003-cü illərdə dos.Aydın Məsimov rəhbərlik etmişlər. 2003-cü ildə kafedra “Ümumi geologiya” və “Hidrogeologiya və mühəndis geologiyası” kafedralarına ayrılmışdır. 2008-ci ilədək dos.Aydın Məsimov kafedra müdiri vəzifəsini icra etmişdir. 2008-2015-ci illərdə kafedra müdiri vəzifəsini fakültə dekanı dos.Adil Xasayev
əvəz etmişdir. 2016-cı ildən kafedraya prof.Bahadır Qələndərov rəhbərlik edir.
Kafedranın elmi tədqiqat istiqaməti Azərbaycanda yer təkinin kompleks innovativ üsullarla tədqiqi, müasir geoeko
loji problemlər, mineral və termal su ehtiyatlarının müasir üsullarla axtarışı və kəşfiyyatı, müalicəvi və içməli mineral suların sənaye istehsalının genişləndirilməsi, yaşayış sahələri və sənaye obyektlərinin yararlı su ilə təminatının öyrənilməsi, meliorativ hidrogeologiyanın problemlərinin tədqiqi, Qarabağ iqtisadi
rayonu ərazisində mühəndisi-geoloji şəraitin qiymətləndirilməsidir.
Kafedranın əməkdaşları 2021-ci ildən “GEO-ECO İNNOVATİON CENTER” MMC ilə Azərsu Açıq Səhmdar Cəmiyyətinin sifarişçisi olduğu “III Şollar su kəmərinin mənbəyinin yaradılması ilə bağlı
texniki-iqtisadi əsaslandırma və layihələndirmənin həyata keçirilməsi” üzrə lahiyəsində iştirak edirlər.
Kafedranın professor-müəllim heyəti 2022-ci ildə Meliorasiya Elmi Tədqiqat İnstitutu MMC ilə birlikdə “Qlobal iqlim dəyişmələrinin yeraltı sulara təsiri və onun fəsadlarının aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərin görülməsi” mövzusu üzrə
tədqiqat işləri aparmışlar.
Kafedranın əməkdaşları tərəfindən son illər bir sıra əhəmiyyətli dərsliklər nəşr edilmişdir: «Hidrogeoekologiya» (2012), «Ekoloji geologiya» (2012), «Mühəndis geologiyasının əsasları» (2012), «Kosmik geologiyanın əsasları» (2015), «Meliorativ hidrogeologiya» (2016), «Yeraltı suların rejimi və balansı» (2021).
Eyni zamanda kafedra əməkdaşları və saathesabı qaydada cəlb olunmuş müəllimlər tərəfindən müvafiq olaraq dərs vəsaitləri, tədris proqramları çap edilmişdir. Son 10 ildə kafedra əməkdaşlarının müxtəlif respublika və beynəlxalq jurnallarda 100-dən çox məqalə və tezisləri çap edimişdir.
Hazırda kafedrada elmlər doktoru proqramı üzrə 1, fəlsəfə doktoru proqramı üzrə 2 əməkdaş elmi-pedaqoji fəaliyyət göstərir, magistratura təhsil səviyyəsi üzrə 9 magistrant təhsil alır.
Kafedra əməkdaşları Türkiyə, Qazaxıstan, Rusiya, İran və digər xarici ölkələrlə elmi əməkdaşlıq edirlər.