Ümumi və tarixi geologiya kafedrası 1943-cü ildə yaranan Geoloji-coğrafiya fakültəsinin ilk kafedralarından biri olub, ilk əvvəl “Ümumi geologiya və hidrogeologiya” kafedrası adlanmışdır. Bu kafedra elmi-pedaqoji fəaliyyətə 1934-cü ildən Biologiya fakültəsinin tərkibində “Geologiya və paleontologiya” kafedrası kimi başlamışdır. Kafedranın ilk müdiri prof.Əziz Əsgərov olmuş və o, 1986-cı ilədək bu quruma rəhbərlik etmişdir. 1986-1991-ci illərdə kafedraya prof.Sərdar Səmədov, 1991-2003-cü illərdə dos.Aydın Məsimov rəhbərlik etmişlər. 2003-cü ildə kafedra “Ümumi geologiya” və “Hidrogeologiya və mühəndis geologiyası” kafedralarına ayrılmışdır. “Ümumi geologiya” kafedrasına 2003-2012-ci illərdə prof.Sərdar Səmədov rəhbərlik etmişdir.
Fakültənnin “Paleontologiya və tarixi geologiya” kafedrası 1951-ci ildə AMEA-nın sabıq prezidenti akad.Musa Əliyev tərəfindən yaradılmışdır. O, 1957-ci ilədək kafedraya rəhbərlik etmişdir. 1957-1991-ci illərdə kafedraya AMEA-nın müxbir üzvü, prof.Qədir Sultanov, 1991-2008-ci illərdə prof.Vahid Ağayev rəhbərlik etmişlər. 2008-2011-ci illərdə kafedra müdiri vəzifəsini müvəqqəti olaraq prof.Bahadır Qələndərov icra etmişdir.
2012-ci ildə “Ümumi geologiya” və “Paleontologiya və tarixi geologiya” kafedraları “Ümumi və tarixi geologiya” adı altında birləşdirilmiş, kafedra müdiri dos.Həmid Hüseynov seçilmiş və o, 2016-cı ilədək kafedraya rəhbərlik etmişdir.
2016-2020-ci illərdə “Ümumi və tarixi geologiya” kafedrasına prof.Musa Məmmədov rəhbərlik etmişdir. 2022-ci ildən kafedraya g.-m.e.d., prof.Nazim İmamverdiyev rəhbərlik edir.
1965-ci ildə AMEA-nın müxbir üzvü, prof.Qədir Sultanov tərəfindən yaradılmış və kafedranın tərkibində fəaliyyət göstərmiş “Paleobiogeokimya” elmi tədqiqat laboratoriyasında görülən işlər nəticəsində mikroelementlərin biogen miqrasiyası, onların skelet maddəsində yayılmasının səciyyəvi xüsusiyyətləri sedimentasiya və diagenez prosesləri fonunda müəyyən edilmiş, nəticədə qədim çöküntü qatında olan şərait, dənizdə və kontinentdə təbii proseslərin təkamülü haqqında qiymətli məlumatlar alınmışdır.
Müxtəlif illərdə kafedrada akad.Şəfayət Mehdiyev, akad.Faiq Bağırzadə, professorlar-Tofiq Şahsuvarov, Ramız Sultanov, Həbib İsrafilov, Aydın Aslanov, dosentlər-Səkinə Məmmədova, Alanqo Məhərrəmova, Vaqif Axundov, Hikmət Əfəndiyev, Ofelya Əhmədova, baş müəllim Xavər Nəsirova, əməkdaşlar-Elmira Bağırova, Sima Cəbrayılova, Ceyran Məmmədbəyova, Leyla Xəlilova və b. çalışmışlar.
Hal-hazırda kafedrada dosentlər-Ələddin Məmmədəlizadə, Fərrux Həsənov, Təranə Təhməzova, Nurəddin Abbasov, Rübabə Rüstəmova, baş müəllim y.f.d. Şakir Balammədov, müəllimlər- İlqar Quliyev, Əfşan Hüseynova, əməkdaşlardan Lalə Əhmədova çalışırlar.
Kafedranın prioritet elmi istiqaməti Azərbaycan ərazisində inkişaf etmiş geoloji strukturların stratiqrafiyası, litologiyası, maqmatizmi, geomorfologiyası, geodinamik formalaşma şəraitlərinin təhlili və onlarla əlaqədar olan faydalı qazıntı yataqlarının genetik modellərinin qurulmasıdır.
Kafedranın elmi-tədqiqatlarının əsas istiqamətini Xəzər akavatoriyasında neftli-qazlı rayonlarda basdırılmış strukturların aşkar edilməsi və Azərbaycanın mezo-kaynozoy çöküntülərinin stratiqrafiyası, maqmatizmi və filizliliyi problemləri təşkil edir.
Kafedra əməkdaşları tərəfindən paleohövzələrdə mövcud olmuş stratiqrafik, mikropaleontoloji, litoloji və bionomik şərait barədə çöl-tədqiqat işləri zamanı toplanmış materiallar mövcud üsullarla tədqiq edilmiş, aşkar olunmuş mikrofauna qruplarının sistem tərkibinin və onların kəsiliş üzrə paylanma xüsusiyyətləri müəyyən edilmiş, kəslişlərin biostratiqrafik bölgüsü və regiomərtəbələrin sərhədləri əsaslandırılmış, tədqiqat sahəsi üçün yerli biostratiqrafik bölgü sxemi işlənib hazırlanmışdır.
Şamaxı-Qobustan zonasının IV dövr çöküntüləri kompleks tədqiq edilmiş və regional biostratiqrafik bölgü sxemi verilmişdirki, bu da həmin regionun geoloji xəritəsinin tərtib edilməsi zamanı istifadə oluna bilər
Müəyyən olunmuşdur ki, Gec Miosen-Dördüncü dövr vulkanitləri subduksiya maddəsi ilə zənginləşmiş subkontinental liosfer mantiyanın müxtəlif ərimə payları nəticəsində əmələ gəlmişdir. Üst Miosen-Dördüncü dövr intervalında astenosfer komponentinin payının artması hesabına subduksiyaüstü maddənin rolu azalmışdır.
Geokimyəvi xüsusiyyətlərinə görə Orta Yura maqmatik süxurlarının ensimatik adalar qövsü şəraitində formalaşdığı müəyyən olunmuş və ada qövsü şəraitinin inkişafının başlandığını və Üst Yura zamanında subduksiyanın artıq kontinental qabıqda davam etdiyini göstərir.
Kafedra alimləri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika, Neft və Qaz İnstitutları, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, M.V.lomonosov adına Moskva Dövlət Universiteti, Rusiya EA Geologiya İnstitutu, Rusiya EA Filiz Yataqlarının Geologiyası, Petroqrafiya, Mineralogiya və Geokimya İnstitutu, Perm Dövlət Universiteti, Türkiyənin İstanbul Texniki Universiteti, ABŞ Mayami Universiteti ilə sıx əməkdaşlıq edirlər.
Kafedrada “Dəniz və okean dibinin geologiyası”, “Paleontologiya və stratiqrafiya”, “Regional geologiya” ixtisaslaşmaları üzrə magistr hazırlığı həyata keçirilir. Kafedra müəllimləri tərəfindən ənənəvi olaraq, Ümumi geologiya, Struktur geologiya və geoloji xəritəalma, Geotektonika, Geomorfologiya və dördüncü dövrün geologiyası, Geoekologiya fənlərindən icmal mühazirələr oxunur. Kafedrada son illər ərzində 10-a yaxın dərslik və dərs vəsaiti, 4 monoqrafiya, 50-dən çox elmi məqalə, o cümlədən yüksək impakt-faktora malik olan jurnallarda məqalələr dərc edilmişdir. Kafedra əməkdaşları 20-dan çox Beynəlxalq simpozium və konfranslarda iştirak etmişdir. Kafedra əməkdaşları BDU-nun 100 illik yubileyi əlaqədar AR Təhsil Nazirliyi tərəfindən “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişlər. Kafedra müdiri prof.Nazim İmamverdiyev Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “ULU ÖNDƏR - MÜSTƏQİL AZƏRBAYCANIN QURUCUSUDUR” mövzusunda Bakı Dövlət Universiteti əməkdaşları arasında məqalə müsabiqəsində III yer tutduğuna görə diplomla təltif edilmişdir.