TEC-nin növbəti konsfransı keçirilmişdir
Konfransın əsas məqsədi tələbələrin elmi fəaliyyətini stimullaşdırmaq, onların geologiya elminin aktual problemləri üzrə araşdırmalarını dəstəkləmək və gənc alimlərin elmi potensialını üzə çıxarmaq olmuşdur. Tədbir geologiya sahəsində çalışan mütəxəssislərin, magistrant və bakalavr tələbələrinin geniş iştirakı ilə baş tutmuşdur.
Açılış mərasimində çıxış edən Geologiya fakültəsinin dekanı, dosent Mamoy Mansurov tədbirin əhəmiyyətindən söz açaraq, bu cür konfransların gənc tədqiqatçılar üçün elmi baxışın formalaşmasında mühüm rol oynadığını qeyd etdi. O, geoloq peşəsinin cəmiyyət üçün strateji əhəmiyyətindən danışaraq, təbii ehtiyatların öyrənilməsi, təbii fəlakətlərin proqnozlaşdırılması və ətraf mühitin qorunmasında geoloqların üzərinə düşən məsuliyyəti vurğuladı.
Daha sonra Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru professor Mais Süleymanov çıxış edərək, tələbələrin elmi fəaliyyətə cəlb edilməsinin və bu kimi tədbirlərin təşkilinin tədris prosesinə verdiyi töhfələrdən danışdı. O, elmi biliklərin təcrübə ilə vəhdətinin önəmini qeyd edərək, fakültədə aparılan elmi tədqiqatların gələcəkdə ölkənin iqtisadi və sosial inkişafında oynaya biləcəyi rolu vurğuladı.
Ümumi və tarixi geologiya kafedrasının müdiri, professor Nazim İmamverdiyev isə çıxışında tələbələrin son dövrlərdə əldə etdiyi elmi nailiyyətlərdən bəhs etdi. O, tələbələrin müxtəlif elmi layihələrdə və konfranslarda aktiv iştirakını yüksək qiymətləndirərək, bu cür tədbirlərin onların akademik və elmi inkişafında əhəmiyyətli rol oynadığını bildirdi. Professor həmçinin, gələcəkdə bu uğurların beynəlxalq səviyyədə də davam etdiriləcəyinə inamını ifadə etdi.
Konfransın elmi hissəsində tələbələrin maraqlı və aktual mövzular üzrə təqdimatları dinlənildi. I kurs magistrant Səbinə Dəmirçiyeva “Pliosen və Pleystosen çöküntülərində yaş bölgüsünün aparılmasında paleomaqnetizmin rolu” mövzulu çıxışı ilə geoloji zaman bölgüsündə paleomaqnetik məlumatların əhəmiyyətindən bəhs edərək, bu sahədə aparılmış tədqiqat nəticələrini iştirakçılarla paylaşdı.
II kurs ingilis sektoru tələbəsi Adnan Əliyev isə “Thermal water as an alternative energy source” mövzusunda çıxış edərək, yeraltı istilik enerjisinin alternativ enerji mənbəyi kimi əhəmiyyətini və bu sahədə beynəlxalq təcrübələri auditoriyanın diqqətinə çatdırdı.
Konfrans müxtəlif bölmələr üzrə davam edərək müxtəif istiqamətləri əhatə etmişdir. Tələbələrin təqdimatları ətrafında aparılan diskussiyalar yeni elmi fikirlərin yaranmasına və mövcud biliklərin təkmilləşməsinə şərait yaratdı. Yeni elmi yanaşmalar, müzakirələr və aktual mövzularla yadda qalan tədbir gənc geoloqlar üçün böyük bir motivasiya oldu!