Akademik Vasif Babazadənin 85 yaşı tamam olur
Vasif Məmməd oğlu Babazadə 2 sentyabr 1938-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1960-cı ildə BDU-nun Geologiya-coğrafiya fakültəsini bitirib. 1964-cü ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyalarını uğurla müdafiə edib.
1977-ci ildə professor elmi dərəcəsini alan Vasif Babazadənin elmi fəaliyyəti geologiyanın müxtəlif sahələrini əhatə edir. Onun araşdırmaları daha çox filiz yataqları və metallogeniyanın öyrənilməsi ilə bağlıdır. Geoloq alim Azərbaycanın faydalı qazıntı yataqlarının tədqiqi sahəsində böyük işlər görüb. O, nəcib və əlvan yataqlarını, ayrı-ayrı sənaye-genetik tiplərə ayırmağa nail olub, bu yataqlar üçün filizəmələgəlmənin geoloji və fiziki-kimyəvi şəraitini, filizçökdürülmənin etap və mərhələlərini, ayrı-ayrı metallogenik zonalar üzrə mineral xammal resurslarının perspektivliyinin qiymətləndirilməsinin kriterlərini işləyib hazırlamışdır.
Ömrünü elmə və təhsilə həsr edən akademikin bu günədək Azərbaycanda və xarici ölkələrdə 350-dən artıq elmi əsəri, 40-dan çox kitabı çap olunub. Onun rəhbərliyi altında 35 fəlsəfə, 11 elmlər doktoru hazırlanıb.
Vasif Babazadənin yaratdığı elmi məktəblərin təməli onun 1973-1980-ci illərdə dekanı olduğu Geologiya-coğrafiya fakültəsində qoyulub. Vasif Babazadə hələ o illərdə geologiya elminin və tədrisinin ciddi inkişafı üçün BDU-da ayrıca fakültəyə ehtiyac olduğunu bildirib. Beləliklə, BDU-nun bugünkü Geologiya fakültəsi Vasif Babazadənin təşəbbüsü ilə yaradılıb. Alim fakültənin Faydalı qazıntılar kafedrasına rəhbərlik etməklə yanaşı, “Yer ehtiyatlarının aerokosmik tədqiqatları” elmi-tədqiqat laboratoriyasını da yaratmağa nail olub və rəhbərlik edib. Vasif Babazadə 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilib.
Akademik Vasif Babazadənin məhsuldar fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. O, hələ 1978-ci ildə Təbii resurslardan səmərəli istifadə etməklə bağlı silsilə əsərlərinə görə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. Bu mükafat Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövrünə təsadüf edir. 2000-ci ildə Prezident Heydər Əliyevin Sərəncamı ilə Vasif Babazadə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. O, Prezident İlham Əliyevin sərəncamları ilə 2009-cu ildə “Şöhrət”, 2018-ci ildə isə “Şərəf” ordenləri ilə təltif edilib. Görkəmli alim 2017-ci ildə AMEA-nın akademik Musa Əliyev adına mükafatı alıb, 2001-ci ildə Bakı Dövlət Universiteti Elmi Şurasının qərarı ilə “İlin müəllimi” nominasiyasının qalibi olub. 2018-ci ildə isə Gürcüstan Milli Elmlər Akademiyasının akademik Aleksandr Tvalçrelidze adına mükafatına layiq görülüb.
BDU-nun qocaman alimi, akademik Vasif Babazadəni 85 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edirik!