Bakı Dövlət Universiteti (BDU) Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Psixoloji Yardım Sektorunun birgə təşkilatçılığı ilə “Adaptasiya” mövzusunda maarifləndirici təlim keçirilib.

Bakı Dövlət Universiteti (BDU) Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Psixoloji Yardım Sektorunun birgə təşkilatçılığı ilə “Adaptasiya” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlim Psixologiya Mərkəzində fakültənin birinci kurs tələbələrinin universitet mühitinə daha asan uyğunlaşması məqsədilə təşkil olunub. Tədbirin əsas məqsədi tələbələrin ali təhsil mühitinə inteqrasiya prosesini dəstəkləmək, onların sosial, psixoloji və akademik baxımdan qarşılaşa biləcəkləri çətinliklərin aradan qaldırılmasına kömək göstərmək olub.
Təlimi psixoloq Nətəvan Həsənzadə aparıb. O, çıxışı zamanı tələbələrə adaptasiya anlayışının mahiyyəti, onun mərhələləri, həmçinin bu prosesdə yarana biləcək emosional və sosial gərginliklərin idarə olunması yolları barədə geniş məlumat verib. Psixoloq vurğulayıb ki, adaptasiya dövrü hər bir tələbənin şəxsi inkişafında mühüm mərhələdir və bu mərhələnin uğurla tamamlanması gələcək akademik nailiyyətlər üçün əsas yaradır.
Təlim zamanı interaktiv üsullardan istifadə olunub, tələbələr müxtəlif psixoloji testlərdən keçiblər, onların fərdi xüsusiyyətləri təhlil edilib və hər bir iştirakçıya fərdi tövsiyələr təqdim olunub. Müzakirələr zamanı tələbələrin sualları cavablandırılıb, təcrübə paylaşımı aparılıb.
Psixoloq tələbələrə universitet həyatında uğurlu adaptasiya üçün müsbət düşüncə tərzi, sosial fəallıq, vaxtın düzgün idarə olunması və davamlı özünüinkişafın önəmini xüsusi qeyd edib.
Tədbir sonda tələbələrin fikirləri və təəssüratları ilə yekunlaşıb. İştirakçılar bu cür maarifləndirici tədbirlərin onların sosial mühitə daha rahat uyğunlaşmasına mühüm töhfə verdiyini bildiriblər.