Bakı Dövlət Universitetinin Geologiya fakültəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti elmi seminar keçirilmişdir.

Bakı Dövlət Universitetinin Geologiya fakültəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti elmi seminar keçirilmişdir. Seminar geofizika və seysmologiya sahəsində müasir çağırışları əhatə etməklə, şəhərsalma prosesində yer təkinin fiziki xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyini bir daha diqqət mərkəzinə gətirmişdir.
Tədbiri giriş sözü ilə açan fakültə dekanı Mamoy Mansurov ölkəmizdə şəhərsalma siyasətinin elmi əsaslara söykənməsinin əhəmiyyətindən bəhs etmiş, xüsusilə seysmik baxımdan aktiv regionlarda təhlükəsiz və dayanıqlı tikinti işlərinin aparılmasının vacibliyini vurğulamışdır. Bildirmişdir ki, müasir şəhərlərin planlaşdırılması yalnız memarlıq və dizayn yanaşmaları ilə deyil, eyni zamanda geoloji və geofiziki tədqiqatların nəticələrinə əsaslanmalıdır.
Seminarın əsas məruzəçisi, BDU Geologiya fakültəsinin Seysmologiya və Yer təkinin fizikası kafedrasının dosenti Əli Novruzov “Şəhərsalmada kiçik sürətlər zonasının öyrənilməsinin aktuallığı” mövzusunda geniş və əhatəli təqdimatla çıxış etmişdir. Məruzədə yer təkinin quruluşu, seysmik dalğaların yayılma xüsusiyyətləri və bu dalğaların sürətində müşahidə olunan dəyişikliklərin mühəndis-geoloji baxımdan interpretasiyası izah edilmişdir.