Bakı Dövlət Universitetinin Geologiya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) sədrinin seçilməsi ilə bağlı geniş tərkibli iclas keçirilmişdir.

Bakı Dövlət Universitetinin Geologiya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) sədrinin seçilməsi ilə bağlı geniş tərkibli iclas keçirilmişdir. Tədbirdə fakültə rəhbərliyi, tələbə təşkilatlarının nümayəndələri və çoxsaylı tələbələr iştirak etmiş, universitetin ictimai həyatında mühüm əhəmiyyət kəsb edən bu prosesə yüksək maraq göstərilmişdir.
İclasda Geologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Ələkbər Mirzəyev çıxış edərək tələbə təşkilatlarının universitet mühitində rolundan bəhs etmiş, TGT-nin tələbələrin sosial fəallığının artırılması, onların təşəbbüslərinin dəstəklənməsi və liderlik keyfiyyətlərinin inkişafında xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır.
Daha sonra BDU TGT sədri Harun Mehdiyev çıxış edərək təşkilatın fəaliyyəti, həyata keçirilən layihələr və gələcək planlar barədə məlumat vermiş, yeni seçiləcək sədrin qarşısında duran əsas vəzifələrdən danışmışdır. O, tələbələrin bu prosesdə fəal iştirakının vacibliyini qeyd edərək seçkinin demokratik prinsiplər əsasında keçirildiyini diqqətə çatdırmışdır.
Sədr vəzifəsinə namizəd olaraq Saimə Ənnəqiyeva irəli sürülmüşdür. Namizəd çıxış edərək öz fəaliyyət proqramını təqdim etmiş, tələbələrin sosial rifahının yaxşılaşdırılması, onların elmi, mədəni və ictimai fəaliyyətə daha geniş cəlb olunması istiqamətində planlarını bölüşmüşdür. Eyni zamanda, tələbələrin problemlərinin operativ şəkildə həllinə yönəlmiş təşəbbüslər barədə məlumat vermişdir.
Səsvermə prosesi açıq və şəffaf şəkildə təşkil olunmuş, bütün iştirakçılara öz mövqelərini sərbəst ifadə etmək imkanı yaradılmışdır. Nəticədə fakültə tələbələri tərəfindən yekdilliklə səs verilərək Saimə Ənnəqiyeva Geologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri seçilmişdir.
Tədbirin sonunda çıxış edənlər yeni sədrə uğurlar arzulamış, onun rəhbərliyi ilə TGT-nin fəaliyyətinin daha da genişlənəcəyinə və fakültə tələbələrinin ictimai həyatında daha fəal rol oynayacağına əminliklərini ifadə etmişlər. Seçki prosesi yüksək təşkilatçılıq səviyyəsi və tələbələrin fəallığı ilə yadda qalmışdır.