Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin “BDU könüllüləri” təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə “Ana harayı” abidəsinə ziyarət həyata keçirilib.

Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin “BDU könüllüləri” təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə “Ana harayı” abidəsinə ziyarət həyata keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd 1992-ci il fevralın 26-da Xocalı şəhərində baş vermiş faciənin qurbanlarının xatirəsini ehtiramla yad etmək, milli yaddaşın qorunmasına töhfə vermək və tələbə-gənclər arasında tarixi həqiqətlərin yaşadılmasına dəstək olmaq olub.
Ziyarət çərçivəsində iştirakçılar Ana Harayı Abidəsinin önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar. Abidə önündə hökm sürən sükut Xocalı soyqırımının ağrı və acısını bir daha xatırladıb, iştirakçılar tərəfindən dərin hüzn və ehtiram hissi ilə qarşılanıb.
Xocalı soyqırımı nəticəsində yüzlərlə dinc sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar xüsusi amansızlıqla qətlə yetirilib, minlərlə insan yaralanıb və əsir götürülüb. Bu faciə Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən biri kimi yaddaşlara həkk olunub. Hər il ölkəmizdə və xaricdə keçirilən anım tədbirləri Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Tələbələrin iştirakı ilə keçirilən bu ziyarət həm də onların milli-mənəvi dəyərlərə bağlılığının, vətənpərvərlik mövqeyinin və tariximizə həssas münasibətinin göstəricisi olub. Fakültə kollektivinin təşəbbüsü ilə baş tutan anım mərasimi gənc nəslin tariximizə sahib çıxmaq əzmini bir daha nümayiş etdirib.Xocalı soyqırımı qurbanlarının xatirəsi daim ehtiramla yad ediləcək, faciənin unudulmaması və tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması istiqamətində bu kimi təşəbbüslər ardıcıl olaraq davam etdiriləcək.