Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin “BDU könüllüləri” təşkilatının üzvləri Zəfər Muzeyinə ziyarət təşkil ediblər
-lg.jpg)
Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin “BDU könüllüləri” təşkilatının üzvləri “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində əldə olunan tarixi Zəfərin önəmini gənc nəslə daha dərindən aşılamaq məqsədilə Zəfər Muzeyinə ziyarət təşkil ediblər.
Ziyarət zamanı tələbələrə 44 günlük Vətən müharibəsinin mərhələləri, Azərbaycan Ordusunun qəhrəmanlıq tarixini yazan əsgər və zabitlərimizin şücaəti, işğaldan azad edilən torpaqların strateji əhəmiyyəti barədə geniş məlumat verilib. Muzeydə nümayiş olunan unikal eksponatlar – döyüş meydanlarından toplanan hərbi sursatlar, əsgər geyimləri, bayraqlar, xəritələr, həmçinin video-xronikalar tələbələrdə dərin təsir yaradıb.
Ekskursiya zamanı tələbələr xüsusən Azərbaycan əsgərinin dəmir iradəsini, Ali Baş Komandanın qətiyyətli rəhbərliyini, xalq-ordu birliyinin gücünü əks etdirən interaktiv ekspozisiyalarla tanış olublar. Eyni zamanda, şəhidlərin həyat yolu və qəhrəmanlığını əks etdirən guşələrdə tələbələr böyük ehtiram və duyğusallıqla məlumatları dinləyiblər.
Ziyarət müddətində tələbələrə yalnız hərbi qələbənin deyil, həm də müharibə sonrası bərpa və quruculuq proseslərinin əhəmiyyəti barədə də məlumat verilib. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işlərinin ölkəmizin suverenliyinin daha da möhkəmlənməsinə xidmət etdiyi diqqətə çatdırılıb.
Sonda tələbələr Azərbaycan Ordusunun qəhrəman şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Onlar bildiriblər ki, Zəfər tarixi yalnız qürur səhifəsi deyil, həm də gələcək nəsillərin Vətənə olan borc və məsuliyyətini dərk etməsində mühüm mənəvi dayaqlardan biridir.
Bu kimi ziyarətlərin gənclərdə vətənpərvərlik hisslərinin möhkəmləndirilməsi, milli kimlik şüurunun formalaşdırılması və tarixi həqiqətlərin daha dərindən mənimsənilməsi baxımından xüsusi önəmi var.