BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları
Bakı Dövlət Universiteti (BDU) və “Azerbaijan International Mining Company Limited” (AIMC) şirkətinin birgə təşkilatçılığı, BDU-nun Geologiya fakültəsi, “BDU könüllüləri” təşkilatı, “CM Tech” MMC, “CQA International Ltd” MMC, “AT-Geotech” MMC, “A-A” MMC, “Atlas” MMC və “AzGeo” MMC-nin dəstəyi ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi çərçivəsində təlim sessiyaları olub.
"Azərbaycanın geoloji sərvətləri: Potensial və mövcud imkanlar" adlı panel müzakirədə "AzGeo" müəssisəsinin nümayəndəsi Ağamahmud Səmədov, "AA" MMC-nin nümayəndəsi Zaur Abdullayev, Geologiya fakültəsinin Hidrogeologiya və mühəndis geologiyası kafedrasının baş müəllimi Allahverdi Tağıyev, AIMC şirkətinin mütəxəssisi Xanoğlan Əlirzayev, "ATGeotex" şirkətinin nümayəndəsi Nicat Hacıyev və AIMC-nin Dağ-mədən geologiyası departamentinin rəhbəri Samir Mürsəlov çıxış ediblər. Mütəxəssislər Şimal regionunun faydalı qazıntı potensialı, inzibati rayonlar üzrə yataqların paylanması dinamikası və metallogenik xüsusiyyətlərinə dair geniş elmi-analitik məlumat təqdim ediblər.
BDU-nun Geologiya fakültəsinin Hidrogeologiya və mühəndis geologiyası kafedrasının baş müəllimi Allahverdi Tağıyev “Peykdən sahəyə: müasir geoloqun rəqəmsal alətləri” mövzusunda çıxış etmişdir.
Çıxışında müasir geoloji tədqiqatlarda peyk təsvirləri, Coğrafi İnformasiya Sistemləri (GIS), Google Earth Engine və süni intellekt texnologiyaları getdikcə daha geniş tətbiq olunmasını diqqətə çatdırmışdır. Təqdimatda peyk məlumatlarının sahə müşahidələri ilə inteqrasiyası, GIS və Google Earth Engine vasitəsilə məlumatların emalı və vizuallaşdırılması, həmçinin süni intellektin geoloji tədqiqatlarda tətbiqi praktik nümunələr əsasında təqdim edilmişdir. Məqsəd tələbələri müasir geoloqun rəqəmsal alətləri ilə tanış etmək və ənənəvi sahə geologiyası ilə yeni texnologiyalar arasındakı əlaqəni göstərməkdir.
BDU-nun Coğrafiya fakültəsinin dosenti Vüqar Dərgahov geositlərin öyrənilməsi, Azərbaycan ərazisində onların məkan analizi əsasında geoparkların təşkili və geoturizm potensialının qiymətləndirilməsi mövzusunda çıxış edib.