Geologiya fakültəsi THİK-in təşəbbüsü ilə “22 mart - Ümumdünya Su Resursları Günü” ilə bağlı onlayn tədbir keçirilmişdir
Bakı Dövlət Universiteti Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə “22 mart - Ümumdünya Su Resursları Günü” adlı onlayn tədbir keçirilmişdir. Tədbir Geologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini İlqar Quliyevin moderatorluğu və fakültə üzrə THİK sədri Səmayə Həsənovanın aparıcılığı ilə baş tutub.
Tədbirdə BDU Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, BDU THİK sədri Hacıbaba Mustafayev, Geologiya fakültəsinin Tədris işləri üzrə dekan müavini Ruslan Şəmiyev, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimləri Günay Hüseynova və Ələkbər Mirzəyev və fakültə tələbələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Geologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini İlqar Quliyev başlamışdır. O, tədbir iştirakçılarını salamladıqdan sonra qeyd etmişdir ki, müasir dövrün qlobal problemi olan içməli su ehtiyyatlarının mühafizəsi olduqca vacib məsələdir. Bununla yanaşı, ölkəmizdə su resurslarından səmərəli istifadəsi haqqında 23 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə ölkə başçısının qeyd etdiyi kimi, ölkədə genişmiqyaslı hidrogeoloji tədqiqatların aparılması, hidrogeoloji şəraitin dəqiq analizi, yeni perspektiv yeraltı su yataqlarının kəşfi və bu yataqların ehtiyatlarının yenidən qiymətləndirilməsinə diqqət çəkən İlqar müəllim bu sahədə gələcəkdə də səmərəli fəaliyyətinin qurulmasının vacibliyini vurğulamışdır.
Daha sonra BDU Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov və BDU THİK sədri Hacıbaba Mustafayev tədbir haqqında öz fikirlərini söyləmiş, gələcəkdə bu tipli tədbirlərin daha geniş miqyasda təşkil olunmasını təklif etmişlər. Cəmiyyətdə sudan səmərəli istifadə haqqında maarifləndirmə işlərinin daha səmərəli aparılması baxımından istər universitet səviyyəsində, istərsə də digər təşkilatların birgə iştirakı ilə daha genişmiqyaslı təbliğat işlərinin görülməsi təklif olundu.
Geologiya fakültəsinin Tədris işləri üzrə dekan müavini Ruslan Şəmiyev də bu tipli tədbirlərin təşkilinin qlobal problem olan içməli su ehtiyatlarının qorunması üçün mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Əlavə olaraq ölkəmizdə mövcud su potensialından bəzi hallarda kortəbii şəkildə istifadəyə diqqət çəkən Ruslan müəllim bu kimi neqativ hallarla mübarizədə təbliğat işlərinin zəif aparıldığını, həmçinin bu sahədə görülən işlər barəsində məlumatların daha əlçatan olmasının önəmini bildirdi.
Tədbirdə çıxış edən Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Ələkbər Mirzəyev 22 mart - Ümumdünya Su Resursları Gününün keçirilməsi haqqında ilk təklifin 1992-ci ilin iyununda Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) irəli sürüldüyünü, BMT-nin Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən isə qeyd olunmağa başlanıldığnı bildirdi. Həmçinin Ümumdünya Su Günü "Su və İqlim Dəyişikliyi" devizi ilə qeyd olunması, bu günün keçirilməsində məqsədin hər bir kəsin vaxtlı-vaxtında və lazımi miqdarda təmiz su ilə təmin edilməsi və su ekosistemlərinin mühafizəsində hamını fəal olmağa çağırmaq olduğunu nəzərə çatdırdı. O, çıxışında planetin ümumi su ehtiyatlarının yalnız bir faizinin insan istifadəsi üçün əlçatan olduğunu, 663 milyondan çox insanın yaşayış yerlərinin yaxınlığında içməli su mənbələri olmaması və 1990-cı ildən bəri yalnız 2.6 milyard insan yaxşılaşdırılmış içməli su mənbələri ilə təmin olunması kimi məlumatları diqqətə çatdırdı. Həmçinin aparılmış statistik hesablamalara görə 2030-cu ildə 700 milyon insan içməli su çatışmazlığından qaçqına çevrilə biləcəyini, 2050-ci ilə qədər isə dünyada hər dörd nəfərdən ən azı birinin xroniki və ya vaxtaşırı şirin su çatışmazlığı ilə üzləşən ölkələrdə yaşayacağı ehtimalı olduğunu söylədi. Ölkəmizdə əsas su itkilərinin torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verdiyini, gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün hər kəs sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalı, müasir texnologiya və suya qənaət edən avadanlıqlardan istifadə edilməli, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalısının qarçıda duran prioritet məsələlər kimi qeyd etdi.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, bu sahədə görülən işlər ətrafında fikir mübadiləsi aparılmışdır.