Geologiya fakültəsinin tələbələri “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində İstehsalat təcrübəsi keçmişdir.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Bakı Dövlət Universiteti arasındakı tələbələrin təcrübə keçmələrinin təşkili barədə müqaviləyə müvafiq olaraq “Geologiya” ixtisası üzrə IV kurs tələbələri 13.04-10.05.2022- ci il tarixində Şirkətin Daşkəsən filiz rayonundakı Çovdar mədənində istehsalat təcrübəsi keçmişlər. Təcrübədə 103 A saylı qrupun 4 (dörd) tələbəsi və 1 (bir) magistrantı iştirak etmişdir. Təcrübə müddətində tələbələr mədənin müxtəlif sahələrində olmuş, müxtəlif tip süxur və minerallarla, onların maddi tərkiblərilə, metasomatik dəyişilmə zonaları və s. geoloji elementlərlə tanış olmuşlar. Eyni zamanda tələbələr mədən geoloqlarının rəhbərliyilə filiz kütlələrini, tektonik elementləri izləmişlər. Onlar müasir geoloji kompaslarla və GPS-lə işləmə vərdişlərinə yiyələnmişlər. Axtarışın və kəşfiyytın müasir üsulları ilə tələbələr tanış olmuşlar və sərbəst şəkildə nümunələrin və sınaqların götürülməsini və makroskopik təsvirini həyata keçirmişlər. Gündəlik müşahidələrin sonunda kameral işlərin görülməsi həyata keçirilərək, gündəlik əldə olunan nəticələr qeydiyyat jurnallarına və geoloji xəritələrə köçürülmüşdür. Şirkətin mühəndis-geoloqlarının gördükləri işlərin müzakirə olunmasında dinləyici kimi iştirak etmişlər. Gündəlik müşahidələr zamanı onlar müxtəlif süxrların təmaslarını izləmiş, qızıl filizlərini yerləşdirən yan süxrların petroqrafik tərkiblərini öyrənmişlər. Tələbələr həmçinin buruq qazma, süxurların partladılması, filizlərin yüklənməsi və emal müəssisələrinə daşınması proseslərilə də tanış olmuşlar. Tələbələr gündəlik texniki-təhlükəsizlik qaydaları və ekolıoji tədbirlərlər ilə təlimatlandırılmışlar. Təcrübənin yekunu oaraq tələbələr özləri ilə süxur, filiz, mineral nümunələri götürmüş, gündəliklərini doldurmuş və hesabatlar hazırlamışlar. Təcrübə müddətində tələbələrin davranışı, verilən tapşırıqları yerinə yetirilməsi ilə bağlı şirkət rəhbərliyi tərəfindən müsbət rəy verilmiş və təcrübənin nəticələri əla qiymətləndirilmişdir.