Konstitusiya və Suverenlik ili
Bakı Dövlət Universiteti Geologiya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili”-nə həsr olunmuş "Gənclərin vətənpərvərlik ruhunda formalaşmasında qəhrəmanlarımızın nümunəsi" mövzusunda tədbir keçirilmişdir.
Tədbirin əsas məqsədi Vətən uğrunda canından keçmiş və müasir qəhrəmanlıq nümunəsi göstərmiş igidlərimizin həyat yolunu gənclərə tanıtmaq və milli ruhun gücləndirilməsinə töhfə vermək idi.
Tədbir Geologiya fakültəsinin dekan müavini Ələkbər Mirzəyevin açılış nitqi ilə başladı. O, çıxışında bugünkü gəncliyin milli ruhda, vətənpərvərlik dəyərləri əsasında formalaşmasının zəruriliyindən bəhs etdi. Həmçinin qeyd etdi ki, müasir dünyada informasiya müharibəsinin geniş vüsət aldığı bir dövrdə gənclərin milli-mənəvi dəyərlərə sahib çıxması və ölkəmizin maraqlarını müdafiə edə biləcək şüurlu vətəndaş kimi yetişməsi xüsusi əhəmiyyət daşıyır. O, bu baxımdan universitetdə, xüsusilə Geologiya fakültəsində bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğuladı.
Daha sonra Geologiya fakültəsinin Kompleks geoloji və geofiziki tədqiqat Elmi-Tədqiqat Laboratoriyasının böyük elmi işçisi, eyni zamanda Alban-Udi xristian dini icmasının sədri Robert Mobili çıxış edərək Azərbaycan xalqının tarix boyu üzləşdiyi ədalətsizliklər və Ermənistan tərəfindən törədilən vəhşiliklər haqqında ətraflı məlumat verdi. O, Azərbaycanın müxtəlif dövrlərdə məruz qaldığı işğallar, soyqırımı aktları və tarixi torpaqlarımızda aparılmış erməni saxtakarlıqları barədə faktlara əsaslanan çıxışı ilə iştirakçıların diqqətini cəlb etdi. Robert Mobili, xüsusilə Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birlik, iradə və döyüş ruhunu ön plana çəkərək bu qələbənin yalnız hərbi deyil, həm də mənəvi zəfər olduğunu qeyd etdi.
Çıxışı zamanı o, multikultural və tolerant cəmiyyət modeli kimi Azərbaycanın uğurlu təcrübəsindən danışaraq, müxtəlif din və etnik qrupların ölkədə sülh və qarşılıqlı hörmət şəraitində yaşamasının mühüm göstərici olduğunu vurğuladı. O, həmçinin qeyd etdi ki, bu cür tədbirlər gənclərin yalnız akademik deyil, eyni zamanda ictimai və vətəndaş məsuliyyətinin formalaşmasında da mühüm rol oynayır.
Tədbirin ən təsirli anlarından biri isə 23 saatlıq antiterror əməliyyatının iştirakçısı, Geologiya fakültəsinin tələbəsi Səfər Əhmədovun çıxışı oldu. O, döyüş xatirələrini bölüşərək tələbə yoldaşlarına həm motivasiya, həm də vətən sevgisinin əyani dərsini verdi.
Tədbirdə Azərbaycanın qəhrəman övladlarının həyat və mübarizə yoluna həsr olunmuş təsirli çıxışlar təqdim olundu. Mübariz İbrahimov, Polad Həşimov, Xudayar Yusifzadə, Arəstə Baxışova, Müşfiq Orucov, Ceyhun Sadıqov, Ümman Məmmədov, Musa Abbasov, Orxan Cabbarov kimi igidlərin xatirəsinə həsr olunmuş hissələr tədbir iştirakçılarına dərin duyğular yaşatdı.
Tədbirin sonunda həmin qəhrəmanlara həsr olunmuş videoçarx nümayiş etdirildi. Slayd formatında hazırlanmış təqdimatda qəhrəmanların fotoşəkilləri və həyat devizləri əks olunurdu. Videoçarx iştirakçılar tərəfindən böyük coşqu və ehtiramla qarşılandı.
Sonda tədbirin təşkilatçıları gəncləri bu qəhrəmanları tanımağa, onların yolunu davam etdirməyə çağıraraq “Vətən sağ olsun!” şüarı ilə tədbiri yekunlaşdırdılar.