Respublika Konfransı keçirilmişdir.
Mayın 5-də Bakı Dövlət Universitetinin Geologiya fakültəsində Azərbaycan xalqının Ümummilli Lideri HEYDƏR ƏLİYEVİN anadan olmasının 99-cu ildönümünə həsr olunmuş GEOLOGİYA: PROBLEMLƏR, PERSPEKTİVLƏR mövzusunda Respublika Konfransı keçirilmişdir.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Ulu Öndər HEYDƏR ƏLİYEVİN əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransı giriş sözü ilə açan Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov bildirdi ki, son dövrlər universitetdə elmi fəaliyyətinin təşkili istiqamətində mühüm addımlar atılmışdır. Xüsusilə silsilə keçirilən konfranslar universitetin elmi potensialının daha da artmasına kömək edir. Gələcəkdə də bu tipli konfransların təşkil olunması elmi kadr potensialının daha da təkmilləşməsinə təkan verən mühüm amildir. Sonda konfransın işinə uğurlar arzulamışdır.
Daha sonra Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə çıxış edərək konfrans haqqında fikirlərini bildirmiş və konfransın işində uğurlar arzu etmişdir.
Daha sonra məruzələrə başlanılmışdır. İlk olaraq Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının dosenti Kərim Rəhimov "Kaolin gillərinin hidrotermal çevrilməsi ilə alınan JWB tip aşağı silisiumlu seolitlərin quruluş tədqiqatları" mövzusunda məruzəsini təqdim etmişdir. Məruzədə seolitlərin mikroməsaməli alümosilkat minerallar olub, sənayenin müxtəlif sahələrində adsorbentlər, katalizatorlar, ion dəyişdiriciləri, detergentlər kimi geniş istifadə olunması vurğulanmışdır. Seolit termini ilk dəfə 1756-cı ildə İsveçrə mineroloqu Kronsted tərəfindən işlədilmişdir. Stilbit mineralının qızdırılması zamanı bu mineral tərəfindən adsorbsiya edilmiş suyun buxar şəklində ayrıldığını qeyd etmişdir. Bu əsasda o tədqiq etdiyi materialı seolit adlandırmışdır. Yunancadan tərcümədə seolit sözü “qaynayan daş” deməkdir. Seolitlər təbiətdə geniş yayılmışdır və sənaye miqyasında istehsal edilir. 2018-ci ilin məlumatlarına görə 253 seolit karkası identifikasiya edilmiş, onlardan 40-a qədəri təbii şəkildə rast gəlinir. Hər bir öyrənilən seolit quruluşu Beynəlxalq Seolit Assosiasiyasının quruluş komissiyası tərəfindən öyrənilir və həmin seolitə üç hərfdən ibarət müxtəlif kod verilir. Seolitlər məsaməli quruluşlara malikdirlər. Bu məsamələrdə Na, K, Ca, Mg kimi kationlar paylana bilir. Bu müsbət yüklənmiş ionlar karksla zəif əlaqədar olur və məhlullarla təmasda olduqda asanlıqla digər ionlarla əvəz oluna bilirlər. Təbiətdə geniş yayılmış seolit mineralı analsim, şabazit, klinoptilolit, heylandit, natralit, fillipsit və stilbitdir. Kation əvəz olunmuş seolitlər müxtəlif turşuluğa malikdirlər və müxtəlif reaksiyaların gedişini kataliz edirlər.
Daha sonra növbəti Ümumi və tarixi geologiya kafedrasının müdiri professor Nazim İmamverdiyev "Kiçik Qafqazın mərkəzi hissəsinin Üst Pliosen-Dördüncü dövr bimodal maqmatik asso¬siasiyanın əmələ gəlmə problemi" mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Alp-Himalay qırışıqlıq qurşağının Təbaşirin sonu - Paleogenin əvvəlində Tetis okeanının bağlanması ilə əlaqədar olaraq öz inkişafını hal-hazırda kontinental plitələrin kolliziya zonası kimi davam etdirməsi göstərilmişdir. Həmin zaman Avrasiyanın cənub yamacı fəal kənar omuş və daha sonrakı kontinental plitələrin kolliziyası nəticəsində dərinlik proseslərin xarakteri irsən qalmışdır. Nəticədə burada kolliziya zonasının tikiş zonasının istiqamətini göstərən bütün Anadolunu, Qafqazı, Şimal-Şərqi İranı əhatə edən geniş gec kaynozoy vulkanizmi əmələ gəlmişdir. Böyük və Kiçik Qafqazın qırışıqlıq strukturlarının müasir vəziyyətdə for¬ma¬laş¬¬ması kövrək kolliziyanın əsas tektonik fazaları ilə əlaqədar olması diqqətə çatdırılmışdır.
Növbəti Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri dosent Əvəz Məmmədov "Akustik emissiya effektinin proqnostik xüsusiyyətlərinin eksperimental tədqiqatları" mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə əsasən müxtəlif zonalarda akustik hadisələrin sayının dəyişməsi ilə bağlı geofiziki məsələlərə toxunulmuş, işin praktiki əhəmiyyəti nəzərə çatdırılmışdır.
Daha sonra Faydalı qazıntılar kafedrasının dosenti Ülkər Kərimli “Piyazbaşı filiz sahəsinin filiz minerallaşması (Ordubad filiz rayonu)” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə tədqiqat sahəsində formalaşan filiz minerallarının genetik xüsusiyyətləri, onların əmələ gəlmə şəraiti haqqında məlumat verilmişdir.
Sonda Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Mirzəyev Ələkbər “Şamaxı-Qobustan ərazisinin mühəndisi-geoloji şəraitinə təbbi və texnogen amillərin təsirinin qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə tədqiqat aparılan ərazidə sürüşmə prosesinin ən çox yayılan ekzogen - geoloji proseslərdən olduğu bildirilmiş, sürüşmələrin əmələ gəlməsinə təsir edən mühüm təbii və texnogen amillər ərazinin seysmiklik şəraiti, atmosfer çöküntülərin intensivliyi, sahənin geoloji - tektonik quruluşu və relyef olduğu diqqətə çatdırılmışdır. Qobustan ərazisində mövcud olan Mərəzə, Qurbançı, Cəyirli, Təklə, Təklə-Mirzəbabalı və Çalov sahələrində sürüşmə sahələri haqqında məlumat verilmişdir.
Sonda Geologiya ffakültəsinin dekanı Mamoy Mansurov konfrans iştirakçılarına təşəkkürünü bildirmişdir. Konfransın plenar iclası bəddi hissə ilə başa çatmış, daha sonra bölmələrdə davam etdirilmişdir.