TEC-NIN TƏŞKİLATÇILIĞI ILƏ “ZƏLZƏLƏRİN HAZIRLANMA DÖVRÜNÜ ƏKS ETDİRƏN MODELLƏR" MÖVZUSUNDA ELMİ SEMİNAR KEÇİRİLİB

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Zəlzələlərin hazırlanma dövrünü əks etdirən modellər” mövzusunda elmi seminar keçirilib.
Seminarda fakültənin tələbələri, gənc tədqiqatçılar və müəllim heyəti iştirak edib. Tədbirin məqsədi zəlzələlərin başvermə mexanizminə dair nəzəri yanaşmaların, müasir tədqiqat modellərinin və seysmoloji prosesləri izah edən elmi konsepsiyaların tələbələrə çatdırılması olub.
Məruzəçi — Geologiya fakültəsinin III kurs tələbəsi Əliyeva Fatimə mövzu üzrə zəlzələlərin hazırlanma mərhələsində yer qabığında gedən dinamik proseslər, müxtəlif modellərin tətbiqi, həmçinin seysmik aktivlik zonalarının qiymətləndirilməsi barədə geniş məlumat verib. O, dünyanın müxtəlif seysmik regionlarında aparılmış tədqiqatların nəticələrinə əsaslanaraq zəlzələöncəsi göstəricilərin təhlili və modelləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Seminar qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb və mövzu üzrə fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda Tələbə Elmi Cəmiyyəti belə elmi seminarların tələbələrin elmi baxışının genişlənməsində mühüm rol oynadığını qeyd edib.