“Təqaüd proqramı” müsabiqəsinin qaliblərinin mükafatlandırılması
24 Noyabr 2022 23:27
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ölkəmizin ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün elan etdiyi növbəti “Təqaüd proqramı” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə Təqaüd komissiyasının üzvü – "AzerGold” QSC-nin Geoloji kəşfiyyat şöbəsinin müdiri Şahbəddin Musayev və müsabiqə qalibləri iştirak ediblər.
Şirkətin elan etdiyi “Təqaüd proqramı” müsabiqəsinin qalibləri arasında Geologiya fakültəsinin IV kurs tələbələri – Zülfiyyə Əmrahova (GK-111A), Əfsanə Hacızadə (GK-111A) və Tahir Qasımov (GMK-113A) da var. Qaliblərlə fakültədə görüş keçirilmişdir. Tədbirdə Geologiya fakültəsinin dekanı Mamoy Mansurov, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini İlqar Quliyev, Faydalı qazıntılar kafedrasının müdiri akademik Vasif Babazadə, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri Bahadır Qələndərov, Ümumi və tarixi geologiya kafedrasının müdiri Nazim İmamverdiyev, Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri Kərim Rəhimov, Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri Əvəz Məmmədov da iştirak etmişdir. Tədbirdə iştirak edən AzerGold QSC-nin insan resursları departamentinin baş mütəxəssisi Valid Əliyev təqaüd proqramı haqqında ətraflı məlumat vermiş, layihənin Cəmiyyətin orta və uzunmüddətli strategiyası çərçivəsində müəyyən edilmiş kadr ehtiyacları üzrə resursların zamanında cəlb olunması planı çərçivəsində ötən ilin sonlarından etibarən həyata keçirildiyi qeyd olunmuşdur. Bildirilib ki, sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan sonuncu kurs bakalavr və magistrları əhatə edən layihənin əsas məqsədi təhsilə marağın daha da artırılması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsidir.
Sonda təqaüd proqramını qazanmış tələbələrə təltifnamə və xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, “Təqaüd proqramı” müsabiqəsində iştirak etmək üçün müxtəlif ali məktəblərdən 144 nəfər müraciət edib. Müsabiqənin test imtahanı mərhələsində ən yüksək bal toplamış 20 namizəddən müsahibə mərhələsini keçən 9 tələbə qalib adını qazanıb. Qaliblərdən 5 nəfər Baki Ali Neft Məktəbinin, 3 nəfər Bakı Dövlət Universitetinin, 1 nəfər isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsidir.
Proqram çərçivəsində tələbələrin sosial müdafiəsinə dəstək məqsədilə 9 qalibin hər biri üçün 9 ay müddətində aylıq 200 AZN olmaqla, ümumilikdə 1800 AZN məbləğində təqaüdün verilməsinə başlanılacaq. Təqaüd proqramının qalibi olmuş tələbələrin gələcəkdə müvafiq vəzifələr üzrə işlə təmin edilməsi də nəzərdə tutulur.
Son XƏBƏRLƏR
01.08.2024 | 15:37
“İdeyanı Reallaşdır 2023” qrant layihəsi
29.05.2024 | 15:42
“Əbədi Müstəqillik” adlı tədbir
15.03.2024 | 16:39
Azərbaycan Geologiya Muzeyində geoloji tədris təcrübəsi
15.03.2024 | 15:49
“Neft-qaz geologiyası və Azərbaycanda neft sənayesinin perspektivliyi” mövzusunda maarifləndirici seminar
06.03.2024 | 16:36