“Ustad dərsi”
8 May 2023 15:38
Bakı Dövlət Universitetinin Geologiya fakültəsində “AzerGold” QSC-nin geoloji-kəşfiyyat şöbəsinin rəisi, g.-m.e.n. Musayev Şahbəddin Cabbar oğlunun “Respublika ərazisində qara, nəcib və əlvan metal filizi yataqlarının proqnostik göstəriciləri və onların resurslarının istismara cəlb olunmasının perspektivləri” mövzusunda “Ustad dərsi” keçirilmişdir. Tədbirdə Geologiya fakültəsinin dekanı dosent Mamoy Mansurov, dekan müavini Şakir Balammədov, kafedra müdiri professor Nazim İmamverdiyev, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Geologiya fakültəsinin dekanı Mamoy Mansurov Musayev Şahbəddin Cabbar oğlunu tələbələrə təqdim edərək bildirdi ki, Şahbəddin müəllim uzun illər azərbaycanın filiz faydalı qazıntı yataqlarının öyrənilməsi, ehtiyyatının hesablanması və proqnozlaşdırılması ilə məşğul olmuşdur. Bugünkü məruzəsində isə əsasən respublika ərazisində qara, nəcib və əlvan metal filizi yataqlarının axtarışı, kəşfiyyatı və ehtiyatın proqnozlaşdırılması məsələrinə toxunacaqdır.
Daha sonra çıxış edən məruzəçi “AzerGold” QSC-nin geoloji-kəşfiyyat şöbəsinin rəisi Şahbəddin müəllim ilk öncə dəvət üçün öz təşəkkürünü bildirdi. Azərbaycanın əsas filiz yataqları haqqında məlumat verən Şahbəddin müəllim “Filizçay” polimetal yatağı haqqında geniş məlumat vermişdir. “Filizçay” polimetal yatağı Balakən rayonunun inzibati ərazisində yerləşir. Yataq regionun ən böyük polimetal yatağı və “AzerGold”un ən iri həcmli layihələrindən biridir. Bununla yanaşı, tərkibində olan filiz ehtiyatlarının həcminə görə “Filizçay” Avropanın və dünyanın ən iri polimetal yataqları siyahısında öncül yerlərdə qərarlaşıb. Yataqda sink, gümüş, mis və qurğuşun kimi əlvan metallar mövcuddur. 2022-ci ildə Balakən rayonunda yerləşən və Cəmiyyətin ən irihəcmli və geoloji strukturuna görə ən mürəkkəb layihələrindən biri olan “Filizçay” polimetal yatağının yerin təkindəki resurslarının hesablanmış miqdarı artırılıb. Belə ki, yatağın Cəmiyyət tərəfindən istismara cəlb edilməsi prosesi çərçivəsində mineroloji tədqiqatların aparılması üçün filiz nümunələri Böyük Britaniyanın nüfuzlu “Petrolab” şirkətinin laboratoriyasında tədqiq edilib. “Filizçay”ın resursları faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsi üçün təyin edilmiş beynəlxalq təsnifat sistemi olan JORC (Joint Ore Reserves Committee) standartlarının tələblərinə uyğun olaraq hesablanıb. Hesablamanın nəticəsi olaraq, 1983-cü ildə SSRİ dövründə dövlət balansına daxil edilmiş nəticələrlə müqayisədə 20% artım qeydə alınıb. Nəticədə “Filizçay” üzrə yerin təkindəki filiz resurslarının hesablanmış miqdarının 112.71 milyon ton olması təsdiqlənib.
Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl yatağı və xüsusən də nəcib və əlvan metal yataqlarının, ona yaxın olan “Mərəh”, “Ağyoxuş1,2,3”, “Tülallar” yataqları haqqında da məlumat verilmişdir. Bildirilmişdir ki, “Çovdar” qızıl yatağı” “AzerGold” QSC-nin ilk mədən layihəsidir. Cəmiyyət tərəfindən yataqda hasilat işlərinə 2017-ci ildə başlanılıb. 2016-cı ildə yatağın çıxarılabilən qızıl ehtiyatı 179 min unsiya hesablansa da, istismar işləri zamanı həyata keçirilən optimallaşdırma və 2018-2019-cu illəri əhatə edən əlavə kəşfiyyat işləri nəticəsində yatağın hər iki (oksid və sulfid) fazası üzrə çıxarılabilən qızıl ehtiyatı 561 min unsiyayadək artırılıb. Məruzəçi Daşkəsən skarn-maqnetit yatağında aparılan geoloji-kəşfiyyat işləri və bu yatağın istismarı ilə bağlı şirkətin qar.ısında duran vəzifələr haqqında məlumat verdi.
"AzerGold" QSC tərəfindən 2017-2021-ci illər ərzində yatağın birinci fazası – oksid mərhələsi üzrə istismar işləri tam icra edilib. Oksid fazası üzrə 243,355 unsiya həcmində qızıl hasil edilib. "Çovdar" qızıl yatağının ikinci fazası – sulfid mərhələsi üzrə istismar işlərinə 2020-ci sentyabr ayında başlanılıb. Sulfid fazası üzrə satılabilən qızıl miqdarı 318,109 unsiya qızıl olaraq hesablanıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılmış və tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Son XƏBƏRLƏR
01.08.2024 | 15:37
“İdeyanı Reallaşdır 2023” qrant layihəsi
29.05.2024 | 15:42
“Əbədi Müstəqillik” adlı tədbir
15.03.2024 | 16:39
Azərbaycan Geologiya Muzeyində geoloji tədris təcrübəsi
15.03.2024 | 15:49
“Neft-qaz geologiyası və Azərbaycanda neft sənayesinin perspektivliyi” mövzusunda maarifləndirici seminar
06.03.2024 | 16:36