Zərif qüvvələr: Geologiyada qadınların izi
Tədbirin açılışında Geologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Ələkbər Mirzəyev çıxış edərək qadınların elmdə, xüsusilə geologiya sahəsindəki rolundan bəhs edib. O, qadın geoloqların nailiyyətlərinin bu sahənin inkişafına verdiyi töhfələri vurğulayaraq, fakültədə təhsil alan tələbə qızların elmi fəaliyyətə cəlb olunmasının vacibliyini qeyd edib.
Daha sonra Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri, dosent Kərim Rəhimov və Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri, dosent Əvəz Məmmədov çıxış edərək qadın alimlərin tədqiqat sahəsindəki uğurlarını vurğulayıb və onların geologiyanın müxtəlif istiqamətlərindəki fəaliyyətindən danışıblar. Onlar, öz çıxışlarında geologiya sahəsində çalışan qadın alimlərin tarixi nailiyyətlərini diqqətə çatdırıb.
Faydalı qazıntılar kafedrasının müəllimi Nigar Səttar-zadə isə qadın tədqiqatçıların yeraltı sərvətlərin araşdırılmasında, ekoloji problemlərin həllində və geologiyanın digər sahələrindəki roluna toxunub.
Geologiya fakültəsinin I kurs tələbəsi Anaxanım Dadaşova isə tədbirin gənc nəsil üçün əhəmiyyətindən danışaraq, bu kimi təşəbbüslərin qadınların elmə marağını artıracağını bildirib.
Bədii hissədə isə Geologiya fakültəsinin I kurs tələbələri Saimə Ənnəqiyeva, Nəzrin Babayeva və III kurs tələbəsi Nuray Abduləzli çıxış ediblər.
Sonda tədbir videoçarxın nümayiş etdirilməsi ilə başa çatıb.