Fakültədə növbəti elmi seminar keçirilmişdir
Bakı Dövlət Universitetinin Geologiya fakültəsində 29.11.2023-cü il tarixində növbəti elmi seminar keçirilmişdir. Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri, dosent Rəhimov Kərim Qənbər oğlu “Hidrotermal mühitlərdə seolit faza əmələgəlmələrin kristallokimyəvi xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Seminarda dekan dosent Mamoy Mansurov və fakültənin professor-müəllim heyəti iştirak etmişdir.
Təqdim olunan mövzuda bildirildi ki, seolitlər mikroməsaməli alümosilkat minerallar olub, sənayenin müxtəlif sahələrində adsorbentlər, katalizatorlar, ion dəyişdiriciləri, detergentlər kimi geniş istifadə olunur. Yunancadan tərcümədə seolit sözü “qaynayan daş” deməkdir. Seolitlər təbiətdə geniş yayılmışdır və sənaye miqyasında istehsal edilir. 2018-ci ilin məlumatlarına görə 253 seolit karkası identifikasiya edilmiş, onlardan 40-a qədəri təbii şəkildə rast gəlinir. Hər bir öyrənilən seolit quruluşu Beynəlxalq Seolit Assosiasiyasının quruluş komissiyası tərəfindən öyrənilir və həmin seolitə üç hərfdən ibarət müxtəlif kod verilir. Seolitlər məsaməli quruluşlara malikdirlər. Bu məsamələrdə Na, K, Ca, Mg kimi kationlar paylana bilir. Bu müsbət yüklənmiş ionlar karksla zəif əlaqədar olur və məhlullarla təmasda olduqda asanlıqla digər ionlarla əvəz oluna bilirlər. Təbiətdə geniş yayılmış seolit mineralı analsim, şabazit, klinoptilolit, heylandit, natralit, fillipsit və stilbitdir. Kation əvəz olunmuş seolitlər müxtəlif quruluşa malikdirlər və müxtəlif reaksiyaların gedişini kataliz edirlər.
Təbii seolitlər adətən vulkanik süxurları və vulkan tuflarının qələvi qrunt suları ilə təmasda olduğu zonalarda rast gəlirlər. Bundan əlavə seolitlər çöküntü toplama prosesində min illərdən milyon illərə qədər dəniz hövzələrində krsiatallaşma nəticəsində əmələ gəlirlər. Təbiətfə rast gələn seolitlər çox az halda təmiz olurlar və müxtəlif dərəcəd digər metallar və bir sıra başqa minerallar ilə çirklənmiş olurlar. Bu səbəbdən bircinslik və təmizlik tələb olunan sənaye sahələrində təbii seolitlərin bir başa istifadəsi çətinlik yaradır.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparılmış, suallar cavablandırılmışdır