Növbəti elmi seminar
29 Mart 2023 22:28
29 mart 2023-cü il il tarixində Bakı Dövlət Universitetinin Geologiya fakültəsində növbəti elmi seminar keçirilib. Seminarda Ümumi və tarixi geologiya kafedrasının dosenti Ələddin Məmmədəlizadə “Qobustan neftli-qazli rayonunun miosen çöküntülərinin faunası və stratiqrafiyası ” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə rayonun ayrı-ayrı kəsilişlərinin startiqrafiyasının öyrənilməsinə əsaslanaraq Miosen-Dördüncü dövr çöküntülərinin bölgülərə ayrılması məsələlərinə baxılmışdır.
Qobustan neftli-qazlı rayonun miosen çöküntüləri neftlilik və qazlılıq baxımından dünya şöhrətli Məhsuldar qatdan sonra əsas çöküntü kompleksi hesab olunur. Burada miosenin Karaqan və Konk regiomərtəbələri də neftlilik-qazlılıq baxımından perspektivlidir. Digər tərəfdən Çənubi Qobustanın Çeyildərə və Hacıvəli sahələrində Çokrak çöküntüləri kvars qumları ilə zəngindir və onların istismarı Azərbaycan sənayesinin qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyət kəsb edir. Çöl-ekspedisiya işləri zamanı Kiçik və Böyük Siyəki, Sünqürdağ, Çeyildağ, Çeyildərə, Hacıvəli I və Hacıvəli II sahələrində Miosen şöbəsinin Maykop, Tarxan, Çokrak, Karaqan, Konk, Sarmat, Miotis və Pont çöküntülərindən toplanmış çox sayda süxur və fauna nümunələri və onların biostratiqrafik tədqiqi işin əsas məğzini təşkil etmişdir. Çöl-ekspedisiyası və laboratoriya tədqiqatları nəticəsi olaraq rayonunun Miosen çöküntülərinin biostratiqrafik bölgüsünü əsaslandırmaq və bölgü sxemlərinin tərtibi üçün baza yaratmaq, aşkar edilmiş mikrofauna komplekslərinin paleoekoloji analizi nəticəsində geoloji keçmişdə rayon ərazisində mövcud olmuş paleohövzələrdəki mühitin təkamülünün istiqaməti müəyyən edilmişdir.
Qarşıya qoyulan əsas məsələləri yerinə yetirmək üçün: çöl şəraitində təbii geoloji kəsilişlər öyrənilmiş, fauna və süxur materialı toplanmış; toplanmış material əsasında laboratoriya tədqiqatı işləri aparılmış; aşkar edilmiş mikrofauna və spor-tozcuq qruplarının kəsiliş üzrə paylanma xüsusiyyətləri müəyyən edilmişdir.
Tədqiqat işlərinin nəticəsi olaraq: kəslişlərin biostratiqrafik bölgüsü verilmiş və regiomərtəbələrin sərhədləri əsaslandırılmış; çöküntülər içərisində aşkar edilmiş mikrofauna qruplarının ekoloji analizi nəticələrinə və mövcud ədəbiyyat məlumatlarına əsaslanaraq Miosen dənizlərindəki paleocoğrafi və paleobionomik şəraitin bərpa olunması istiqamətində işlər aparılmışdır.
Daha sonra məruzə barədə dosent Kərim Rəhimov, dosent Əvəz Məmmədov, dosent Nurəddin Abbasov və başqaları öz fikirlərini bildiriblər.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, seminarın praktiki əhəmiyyət kəsb etməsi vurğulanıb.
Son XƏBƏRLƏR
01.08.2024 | 15:37
“İdeyanı Reallaşdır 2023” qrant layihəsi
29.05.2024 | 15:42
“Əbədi Müstəqillik” adlı tədbir
15.03.2024 | 16:39
Azərbaycan Geologiya Muzeyində geoloji tədris təcrübəsi
15.03.2024 | 15:49
“Neft-qaz geologiyası və Azərbaycanda neft sənayesinin perspektivliyi” mövzusunda maarifləndirici seminar
06.03.2024 | 16:36