“Ustad dərs” keçirilmişdir.
12 may 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Geologiya fakültəsində Azerbaijan İnternational Mining Company Limited şirkətinin Geoloji-Kəşfiyyat şöbəsinin müdiri, y.e.f.d. Anar Vəliyevin iştirakı ilə “Gədəbəy filiz rayonunun qızıl yataqlarının yerləşmə qanunauyğunluqları, əmələgəlmə şəraiti və perspektivliyi” mövzusunda “Ustad dərs” keçirilmişdir.
İclası giriş sözü ilə açan fakültə dekanı Mamoy Mansurov bildirmişdir ki, son dövrlər universitetdə həyata keçirilən elmi tədbirlərin intensiv xarakter alması sevindirici haldır. Geologiya fakültəsində də mütəmadi olaraq elmi-praktiki konfransların, elmi seminarların və “ustad dərs”lərin keçirilməsi həyata keçirilir. Belə tədbirlərin keçirilməsi, elmi nəticələrin müzakirə olunması geniş auditoriyalarda professor-müəllim heyyəti, doktorant, magistrant və tələbələrin gələcək elmi fəaliyyətlərini stimullaşdıran vacib amillərdən biridir.
Daha sonra məruzəçi Anar Vəliyevə çıxış üçün söz verilmişdir. O, uzun müddətdir ki, fəaliyyətini Gədəbəydə filiz rayonunda davam etdirən “Azerbaijan İnternational Mining Company Limited” Şirkətinin fəaliyyət planı haqqında məlumat verərək, qeyd etdi ki, geoloqların əsas məqsədlərindən biri də Şirkətin müqavilə sahəsində qızıl, gümüş və mis üçün sanaye əhəmiyyətli yeni yataqların aşkarlanması və istismara verilməsidir. A. Vəliyev qeyd etdi ki, AİMKLŞ tərəfindən ilk dəfə ölkəmizdə qızıl, gümüş və mis istehsal edilməyə başlanmışdır və hələ də davam etməkdədir. Filiz rayonunu kifayət qədər öyrənilməsinə baxmayaraq bir sıra məsələlər, xüsusilə də məxsusi Gədəbəy yatağınıın cinahlarının və dərin horizontlarının perspektivliyinin qiymətləndirilməsi, rayonda intişar tapmış digər filiz yataq və təzahürlərin müasir geoloji-geokimyəvi üsullarla öyrənilməsi hələ də aktual olaraq qalır.
O, qeyd etdi ki, filiz rayonu Tetis okeanının Avrasiya kənarına subduksiyası nəticəsində formalaşmış Yura-Tabaşir yaşlı Lök-Qarabağ ada qövsünə aid edilir. Gədəbəy filiz rayonunda son illər aparılmış geoloji-kəşfiyyat və elmi-tədqiqat işlərinin nəticələri Gədəbəy yatağının Cu-Au-Ag filizləşməsi olan yüksəksulfidli tipə, onun yaxınlığında yerləşən Qədir və Ümid yataqlarının isə Au-Ag-Zn-Pb filizləşməsi olan zəif sulfidləşmiş yataq tipinə aid olması qeyd olunmuşdur. Bu isə filiz rayonunun vahid bir epitermal sistemin bir hissəsinin olması haqqında fikir söyləməyə imkan verir. Porfir-epitermal sistemin tətbiqi yeni və perspektivli filiz yataqlarının aşkar olunmasına zəmin yaratmışdır.
Məruzəçi tərəfindən son illərdə aparılan uğurlu geoloji-kəşfiyyat iləri nəticəsində filiz rayonunda məxsusi Gədəbəy qızıl-mis yatağı ilə yanaşı “Qədr”, “Uğur”, “Ümid” və “Zəfər” yataqlarının kəşf olunması və onların geoloji xüsusiyyətləri haqqında müvəssəl məlumat verildi. O, xüsusən müqavilə sahəsində “Zəfər” adlı yeni porfir mis-qızıl yatağı haqqında məlumat verilmişdir. Yeni yataq şirkətin emal müəssisələrindən təxminən 1,5 km şimal-qərbdə yerləşir. Sahə kəşfiyyat və xəritələşdirmə yolu ilə müəyyənləşdirilib. Aparılan qazma işləri nəticəsində üç minerallaşmış zona müəyyən edilib. Ümumilikdə 6 775 metr dərinlikdə cəmi 12 quyu qazılıb”. Bildirilir ki, hazırda yeni yataqda qazma işləri davam etdirilir və zərurət yaranarsa geofiziki işlər aparılacaq. 2020-ci ildəki işlərin nəticələrinə əsasən yatağın minerallaşmış süxurlarının potensialının ilkin qiymətləndirilməsi təqribən 6 milyon ton təşkil edir. Şirkət gələcək hasilat və istehsalı müəyyən etmək üçün iqtisadi məqsədəuyğunluğunu müəyyənləşdirmək üçün yatağın minerallaşmasının davamlılığını qiymətləndirməyə davam edəcək.
Gədəbəy rayonu ərazisində kəşf olunan “Uğur” qızıl yatağında ehtiyatların ilkin qiymətləndirmədən artıq olduğu müəyyənləşib. Son qiymətləndirməyə əsasən, ümumi mineral ehtiyatlar 199 min unsiya qızıl və 1,049 mln. unsiya gümüşdən ibarətdir. Xatırladaq ki, şirkətin ilkin hesablamalarında “Uğur” yatağında 195 min unsiya qızıl ehtiyatı ola biləcəyi qeyd olunmuşdu. Bildirilib ki, “Uğur” yatağında istehsala sentyabr ayında başlanması gözlənilir. Artıq “Uğur” yatağı və şirkətin emal müəssisələri arasındakı yol tamamlanması və gələcəkdə daha perspektivli sahələrin tapılması üçün intensiv axtarış-kəşfiyyat işlərinin davam etdirildiyini bildirmişdir.
Gədəbəy epitermal sisteminin geoloji-gentik modelinin izahı əsasında Gədəbəy yatağının Cu-Au-Ag filizləşməsi olan yüksəksulfidli tipə, Qədir yatağı və Ümid zonasının Au-Ag-Zn-Pb filizləşməsi olan zəif sulfidləşmiş yataq tipinə aid olması qeyd olunmuşdur. Çıxışının sonunda A.Bəliyev qeyd etdi ki, Gədəbəy yatağında qızıl-mis-porfir filizlərinin yerləşməsi onu mütəxəssislər tərəfindən Kiçik Qafqazda “Gədəbəy tipli mis yatağı” adlandırılması filiz rayonunda nəcib, əlvan və nadir metalların eynitipli və mürəkkəb yataqları üçün əlverişli bir kriter hesab oluna bilər.
Daha sonra məruzə ətrafında suallar verilmiş və çıxışlar olmuşdur. Fakültə dekanı Mamoy Mansurov, professorlar Sokrat İsayev, Bahadır Qələndərov, Nazim İmamverdiyev, aparıcı elmi işçi Robert Mobili mövzu ətrafında çıxış edərək öz fikirlərini bildirmişlər. Seminarın yekunu olaraq təqdim olunan məruzənin elmi-praktiki əhəmiyyəti xüsusilə vurğulanmışdır.