Respublika elmi konfransı
Bakı Dövlət Universitetinin Geologiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Yer təkinin öyrənilməsi və mineral xammal ehtiyatlarının proqnozlaşdırılması mövzusunda Respublika Elmi Konfransı keçirilmişdir.
İlkin olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Daha sonra Ümumilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransı giriş sözü ilə fakültənin dekanı dosent Mamoy Mansurov açaraq, tədbirin əhəmiyyətindən və məqsədindən bəhs edib. O, Heydər Əliyevin Azərbaycan elminə, xüsusilə geologiya sahəsinə göstərdiyi böyük diqqət və qayğını vurğulayıb. Mamoy müəllim çıxışında qeyd edib ki, Ulu Öndər hələ 1970-ci illərdə geoloji kadrların hazırlanmasını prioritet istiqamət kimi qiymətləndirərək, bu sahəyə ciddi dövlət dəstəyi verib. Dekan Heydər Əliyevin Bakı Dövlət Universitetinə xüsusi münasibətindən danışaraq bildirib ki, bu gün universitetin elmi uğurları və beynəlxalq aləmdə nüfuzu məhz onun müəyyən etdiyi strateji xəttin davamı kimi qiymətləndirilə bilər. O, həmçinin vurğulayıb ki, gənc alimlərin Heydər Əliyev ideyalarına sadiqliyi bu cür elmi tədbirlərin təşkilində də özünü göstərir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, eyni zamanda Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov konfransda çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və elminin inkişafındakı misilsiz rolundan bəhs edib. O bildirib ki, məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində elmi kadr hazırlığı və ali təhsil sistemində əsaslı dönüş yaranmış, Bakı Dövlət Universiteti isə bu strategiyanın mərkəzi pilləsində dayanmışdır. BDU Azərbaycanın ilk və aparıcı ali təhsil müəssisəsi kimi ölkənin intellektual potensialının formalaşmasında mühüm rol oynayıb. Universitet yalnız ölkə daxilində deyil, beynəlxalq elmi məkanlarda da tanınan alimlər və mütəxəssislər yetişdirərək dövlətin inkişafına mühüm töhfələr verib. Deputat əlavə edib ki, Ulu Öndər Azərbaycanın yeraltı və yerüstü sərvətlərinin elmi əsaslarla araşdırılması və qorunmasını milli təhlükəsizlik məsələsi kimi dəyərləndirirdi. Aydın Hüseynov, həmçinin qeyd edib ki, bu gün geologiya sahəsində çalışan mütəxəssislər və alimlər Heydər Əliyev irsini davam etdirərək, ölkənin iqtisadi və elmi qüdrətinə ciddi töhfələr verirlər. O vurğulayıb ki, belə elmi tədbirlər həm bu irsin yaşadılması, həm də gənc nəslin vətənə bağlı ruhda yetişməsi baxımından olduqca vacibdir.
Konfrans çərçivəsində “Faydalı qazıntılar” kafedrasının müdiri, akademik Vasif Babazadə də çıxış edərək, Heydər Əliyevin təbii sərvətlərin qorunması və səmərəli istifadəsi istiqamətində həyata keçirdiyi siyasətdən, onun geologiya və faydalı qazıntılar sahəsindəki uzaqgörən strategiyasından söz açıb. O, bu irsin bu gün də aktual olduğunu və elmi inkişafın mühüm dayağına çevrildiyini vurğulayıb.
Elmi məruzələrlə çıxış edən “Seysmologiya və yer təkinin fizikası” kafedrasının professoru Vaqif Qədirov, Azərbaycanın və Rusiyanın bir sıra neft yataqlarında bir quyuya düşən illik hasilatın lokal dəyişmələri və bu dəyişmələrin dinamikası barədə ətraflı məlumat verib. Məruzə zamanı statistik və qrafik təhlillər təqdim olunub.
“Ümumi və tarixi geologiya” kafedrasının dosenti Ələddin Məmmədəlizadə isə Yer kürəsinin geoxronoloji cədvəl üzrə formalaşması və geoloji inkişaf mərhələləri haqqında çıxış edib. O, bu proseslərin mineral ehtiyatların proqnozlaşdırılmasında əsas rol oynadığını qeyd edib.