Geologiya və Geofizika İnstitutuna maarifləndirici ekskursiya
Bakı Dövlət Universiteti Geologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə tələbələr üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutuna maarifləndirici ekskursiya təşkil olunub.
Ekskursiya zamanı tələbələr institutun bir sıra ixtisaslaşmış laboratoriyaları ilə tanış olmuş, müasir geoloji tədqiqatlarda istifadə edilən cihaz və metodlarla yaxından maraqlanmışlar. Bu praktiki tanışlıq tələbələrə öz ixtisas sahələrinə dair daha aydın təsəvvür formalaşdırmağa və gələcəkdə potensial fəaliyyət istiqamətlərini müəyyənləşdirməyə şərait yaratmışdır.
Ekskursiya çərçivəsində “Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi”nin laboratoriya rəhbəri Nazim Sadıqov tələbələrin suallarını cavablandırmış, həmçinin real nümunələr üzərində əyani izahlar təqdim etmişdir. Daha sonra Geoloji-Mineraloji muzeyin rəhbəri Əbülfət İmanov süxur və minerallar haqqında geniş məlumat vermişdir.
Belə tədbirlər tələbələrin elmi maraqlarını artırmaqla yanaşı, onların peşəkar inkişafına da ciddi töhfə verir. Ekskursiyanın sonunda iştirakçılar xatirə şəkli çəkdirmişlər.