I kurs tələbələri "HEYDƏR ƏLİYEV İLİ" ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına əsasən BDU-nun Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin I kurs tələbələri "HEYDƏR ƏLİYEV İLİ" ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına əsasən BDU-nun Heydər Əliyev Muzeyini ziyarət ediblər. Heydər Əliyev muzeyinin mütəxəssisi Afət Seyidbəyova muzey haqqında tələbələrə məlumat verib. Qeyd edib ki, BDU-nun Heydər Əliyev muzeyi 1997-ci ildə Ulu Öndərin şəxsi razılığı ilə yaradılıb və fəaliyyətə başlayıb. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar BDU-nun tədbirlər planı çərçivəsində muzey ən müasir standartlar nəzərə alınmaqla əsaslı şəkildə yenidən qurulub. Muzeyin sol tərəfində BDU-nun dünyaşöhrətli məzunu və fəxri doktoru olan böyük şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkil və sənədlər nümayiş olunur. Monitorda isə “elektron muzey” formatında Ümummilli Liderin həyatı və zəngin fəaliyyətinə dair məlumatlar təqdim edilir. Muzeyin bir bölməsində Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü, müstəqilliyə doğru böyük dönüş və milli oyanışın başlanması tarixi – 1969-1982-ci illəri ehtiva edən fotoşəkillər əks olunub. Digər bölmə isə müdrik dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü, müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi kimi fəaliyyətini əks etdirir. Muzeyin sağ hissəsi Ulu Öndərin BDU ilə bağlı fəaliyyətini, universitetə doğma, əziz münasibətini əks etdirir.